İnternetin doğulması və televiziyanın ölümü biri digərinin səbəbi və nəticəsi olsa da, iki ayrı qlobal hadisədir.
Bir neçə ildir ki, telekanallarla internet arasında reklam gəliri uğrunda səssiz müharibə gedir. Və iki il qabaq, bu, pandemiyanın başlaması ilə təxminən üst-üstə düşdü, internet televiziyanı ötərək ilk dəfə qalib gəldi.
Və gəlin bir az məğlub televiziyanın tarixinə qısaca nəzər salaq. (Etiraf edək ki, onun buna haqqı çatır).
Televiziya görüntü və səsi alıcıya çatdıran elektron cihazdır. Televiziya sözü XX əsrin əvvəllərində meydana gəlib, yunanca uzaq mənasında işlənən “tele” və latınca görmək mənasında işlənən “visio” sözlərindəndi, yəni uzağı görmək.
Televiziyanın ilk mexaniki modulunu 1884-cü ildə Almaniya universitetinin tələbəsi olan Paul Gottlieb Nipkow (Paul Qatlib Nipkou) hazırlayıb. O, fırlanan metal diskin köməyi ilə teller vasitəsilə şəkillərin göndərilməsinə nail olur. Bu texnologiya “elektrik teleskop” adlandırılıb. 1923-cü ildə Charles Jenkins (Çarlz Cenkins) adlı Amerika ixtiraçısı ilk “Nipkow disk” ideyasından istifadə edərək praktiki mexaniki televiziya sistemini icad etdi. Cenkinsdən sonra 1926-cı ildə Britaniyalı ixtiraçı John Logie Baried (Con Loqi Beyrd) Nipkonun yaratdığı mexaniki disk sistemiylə hərəkətli şəkillərin çatdırılmasına nail olan, həmçinin ilk TV studiyası yaradan və ilk televiziya görüntüsü yayımlayan insan olub.
1926-cı ildən 1931-ci ilə qədər mexaniki televiziya sistemində çox yeniliklərə imza atıldı. Mexaniki televiziya sahəsindəki kəşflər 1934-cü ilə qədər olduqca möcüzəvi yenilik idi, amma sonradan bütün televiziya sistemləri bu gün də istifadə edilməkdə olan elektron sistemə çevrildi. İlk televiziyaların sistemlərinin hamısı ağ-qara idi, rəngli televiziya isə sonradan kəşf olundu.
Bu qədər tarix bəsdir…
Televiziya çox keçmədən "məlumatların idarə edilməsi" qurumuna çevrildi, çünki elə bu məqsədlə doğulmuşdu. Hakimiyyət dairələri O-nun köməyi ilə ictimaiyyətə inandırmaq istədiyi məlumatları ötürürdü və bu məlumatlardan başqa hər hansı bir məlumatın əldə edilməsinə mane olurdu. Buna istəsəniz senzura da deyə bilərsiniz, amma mahiyyət dəyişmir.
Televiziya ölməyə başlayana qədər dövlət və rəsmiləri ötürdükləri və təbliğ etdikləri hekayələrdən daha çox qazana bilirdilər. Çünki onlar üçün televiziya və qəzet hər şey demək idi. Vətəndaşın məlumat ala biləcəyi başqa bir heç nə yox idi. Və ictimaiyyəti istədikləri məzmuna inandırmaqla status-kvonu qoruyub saxlaya bilirdilər.
İnternetlə təkcə televiziya ölmədi, məlumatlara nəzarət gücü də öldü, təbii olaraq hekayələr vasitəsilə verilən səlahiyyətlilər də ölür/öləcək.
Bu gün istehlakçıların məzmuna baxmaq üçün istifadə etməyə üstünlük verdiyi cihazlar arasında mobil qurğular (kompüterlər - 63% və smartfonlar - 55%) liderlik edir, adi televizorlar (54%) üçüncü Smart TV (39%) üçüncü yerdədir.
Tamaşaçılar onlayn kinoteatrların və interaktiv televiziyanın üstünlüklərini birləşdirən müasir multimedia platformalarını fəal şəkildə mənimsəməyə başlayıblar. İnsanlar televiziya proqramlarına, filmlərə, seriallara qrafikə uyğun deyil, əlverişli vaxtda və istənilən cihazda baxmaq istəyirlər.
Ölməyib, can verir…
Məsələn elə bizim ölkəmizdə 7-dən 70-ə qədər televiziyadan istifadə edən auditoriya hələ var və bu auditoriya kifayət qədər böyük olduğu üçün televiziyaya baxma faizi kifayət qədər yüksək görünür. Təkcə gənclik televiziyadan daha çox yeni media sayılan YouTube, Twitch, Netflix və s. internetdə təklif olunan xidmətlərə üstünlük verir.
Hətta kanalların artıq Youtube hesabları var və seriallarını və məzmunlarını oradan paylaşırlar. Bu sayədə tamaşaçı daha qısa reklamlara malik olduğu və istədiyi vaxt dayanıb davam edə bildiyi üçün hər şeyi Youtube-da izləməyə üstünlük verir.
Və israrla ”Bu eşq burada bitə bilməz!” deyənlər üçün…
“Moskva göz yaşlarına inanmır” adlı məşhur və “Oskar”lı sovet filmində 20 il fasilə ilə iki dəfə eyni, yəni təxminən eyni polemika səslənir: TV teatrı, kinonu və kitabı yedi. Məzmun bir qədər fərqli ola bilər, amma müəlliflərin sözünün canı budur.
Bu videonun ilk 25 saniyəsinə baxın.
Və nəhayət, yəqin belə başa düşdünüz ki, İNTERNET BU SAVAŞDAN QALİB ÇIXDI demək istəyirəm. Amma yox, deyə bilmirəm, halbuki bir il beş ay qabaq deyə bilərdim. Vətən müharibəsi davam etdiyi günlərdə ölkədə internetsizliyi və VPN populyarlığını siz də yaxşı xatırlayırsınız. Baş verənləri anlaya bilmək üçün sözün əsl mənasında yenə Televiziyaya möhtac idik və bu düz 44 gün çəkdi. Elə on gündür Qazaxıstanda baş verənlər də bunun bariz sübutudur. İnsanlara saatla, ürəkləri istəyən vaxt internet verirlər. Demək ki, qəhrəmanımız İnternet də kifayət qədər hür və müstəqil deyil. Lazım olanda o da “xəstələnir” və “can verir”. Sadəcə onun ölümü hələ çox uzaq tarixin işidir. Qatilsə eynidir!