Biz insanlar hamımız daxili və xarici aləmimizə görə fərqli xüsusiyyətlərə sahibik. Bir-birimizdən davranış, müəyyən vəziyyətlərə reaksiya, cəmiyyətlə qarşılıqlı əlaqə, düşüncə tərzi və s. kimi xüsusiyyətlərimizə görə seçilirik. Məhz bu səbəbdən insan inkişafı daim psixoloqlar və elm adamlarının araşdırma mövzusu olmuşdur. Psixoloqoların fikrincə, tipologiyaları başa düşsəniz, həyatınızı xeyli asanlaşdıra bilərsiniz: birincisi, özünüzü, xüsusiyyətlərinizi, güclü və zəif tərəflərinizi başa düşəcəksiniz; ikincisi, heç olmasa, insanlarla effektiv ünsiyyət qurmağı öyrənməyinizə yardımçı olacaq. Bu, həqiqətən belədirmi və hansı şəxsiyyət tipologiyaları insanın "bütün kartlarını üzə çıxarmağa" kömək edəcək, bu məqalədə danışacağıq.
Məqalənin əsas mövzusu olan MBTİ testinin yaradıcıları Myers və Briggs Karl Yunqun psixoloji tiplər nəzəriyyəsindən ilhamlanaraq, nəzəriyyəni İkinci Dünya Müharibəsi zamanı dövrün tələblərinə uyğun şəkildə təkmilləşdirdilər və beləliklə, “Myers-Briggs Tip Göstəricisi” termini yarandı. Testin məqsədi isə bu idi: test əsasında iş yerində insanların fərdi şəxsi üstünlüklərini müəyyən etmək və iş yerində orduya getmiş kişiləri əvəz etməli olan qadınları seçmək. Bu test vasitəsilə onlar əsl dəyər və istedadlarını göstərə biləcəklər. Sonrakı dövrlərdə yaranan psixolji testlər də məhz bu nəzəriyyəyə əsaslanır. Myers və Briggs inanırdılar ki, insanlara özlərini anlamağa kömək etməklə, onlara öz şəxsiyyət tiplərinə ən uyğun peşələri seçməyə və daha sağlam, xoşbəxt həyat sürməyə kömək edə bilərlər.
Təbii ki, heç bir test şəxsiyyətin bütün aspektlərini ölçməyə qadir deyil və fərdi tam təsvir etmir. Lakin, MBTİ nisbətən az sayda faydalı deskriptorda böyük qrupların xarakteristikasını ümumiləşdirmək üçün bir vasitədir. İşdə qrup şəklində işləyərkən, məsələn, öz güclü tərəflərinizi tanımaq və başqalarının güclü tərəflərini anlamaq üçün çox faydalı ola bilər. Layihə işləyərkən, qrupun bəzi üzvlərinin hansı işləri yerinə yetirməkdə bacarıqlı və istedadlı olduğunu başa düşə bilərsiniz. Bu fərqləri dərk edərək, qrup daha yaxşı tapşırıqlar təyin edə və məqsədlərinə çatmaq üçün birlikdə işləyə bilər. Bu məqsədlə, MBTI qiymətləndirməsindən ən çox insan resursları mütəxəssisləri, “coach-lar”v ə məsləhətçilər, həmçinin karyera məsləhətçiləri, pedoqoqlar müxtəlif məqsədlər üçün istifadə edir.
MBTI digər testlərdən nə ilə fərqlənir?
Birincisi, MBTI həqiqətən bir "test" deyil. Doğru və ya yanlış cavab yoxdur və aldığınız nəticə digər növlərdən daha yaxşı deyil. Göstəricinin məqsədi psixi sağlamlığı qiymətləndirmək və ya hər hansı bir diaqnoz qoymaq deyil. Həmçinin, bir çox digər psixoloji qiymətləndirmələrdən fərqli olaraq, nəticələriniz heç bir norma ilə müqayisə edilmir.
Günümüzdə MBTI testini istifadəsi nə dərəcədə aktualdır?
Bu testin istifadəsi nisbətən asan olduğu üçün bu gün istifadə edilən ən məşhur psixoloji testlərdən birinə çevrilmişdir. Hal-hazırda ən çox ABŞ-da məşhurdur. MBTI qiymətləndirməsi nə işə namizədlərin seçimi, nə də vəzifə seçimi, komandalara qəbulu üçün nəzərdə tutulmayıb. MBTI qiymətləndirməsinin dizaynı seçim üçün deyil, inkişaf üçündür. Testin suallarındakı bəndlər “aydın məqsədlidir”, yəni elementin hansı üstünlüyünüzü ölçmək üçün nəzərdə tutulduğunu gizlətməyə cəhd edilmir. Heç bir üstünlük "pis" və ya işə qəbul zamanı yoxlanılmalı olan bir şey kimi qəbul edilmir. Şəxsiyyəti müəyyən aspektlərə əsaslanaraq 16 növ ayrılır, nəticədə insanların bir-birindən necə fərqlənə biləcəyini anlamağa kömək edir, nəticədə ünsiyyət, münaqişənin həlli, dəyişiklikləri idarə etmək, lider olmaq və ya karyera dəyişmək kimi qərarları daha rahat qəbul edirlər. Şəxsiyyətə bu şəkildə baxmaq müəyyən məqsədlər üçün faydalıdır.
Beləliklə, insanların daxili dünyasına xoş gəlmisiniz!
Bu testdə inventarın suallarına verilən cavablara əsasən, insanların 16 şəxsiyyət tipindən birinə malik olduqları müəyyən edilir. MBTI Testinin ümumi mahiyyəti respondentlərə öz şəxsiyyətlərini, güclü və zəif tərəflərini, mümkün karyera seçimlərini və digər insanlarla uyğunluğu araşdırmaq və anlamaq imkanı verməkdən ibarətdir. Burada heç bir şəxsiyyət növü digərindən "ən yaxşı" və ya "daha yaxşı" deyil və ya test, disfunksiya və ya anormallıq axtarmaq üçün nəzərdə tutulmuş alət də deyil. Bunun əvəzinə onun məqsədi sadəcə özünüz haqqında daha çox məlumat əldə etməyə kömək etməkdir.
Testin özü müxtəlif 5 şkaladan (deskriptor) ibarətdir:
1. Ağıl — Bu aspekt bizim ətrafımızla necə qarşılıqlı əlaqədə olduğumuzu göstərir: Ekstraversiya – İntroversiya (Extraverted–Introverted)
2. Enerji — İkinci aspekt dünyanı necə gördüyümüzü və məlumatları necə emal etdiyimizi müəyyənləşdirir: Müşahidəçi – İntuitiv (Observant-İntuitive)
3. Təbiət — Bu aspekt bizim qərarlar qəbul etməyimizi və emosiyaların öhdəsindən necə gəldiyimizi müəyyən edir Düşüncə — Hiss (Thinking–Feeling)
4. Taktika — Bu aspekt bizim işə, planlaşdırmaya və qərar qəbul etməyə yanaşmamızı əks etdirir: Mühakimə — Qavrama (Judjing-Prospecting)
5. Şəxsiyyət — Nəhayət, Şəxsiyyət aspekti bütün digər aspektlərin əsasını təşkil edir və öz qabiliyyətlərimiz və qərarlarımızdan nə qədər əmin olduğumuzu göstərir: İddialı - Turbulent ( Assertive -Turbulent )
1-ci şkala: (Extraversion–Intravertion): Şüurun Orientasiyası
Ekstravertlər ünsiyyətcil və hərəkətə meyllidirlər, sosial qarşılıqlı əlaqədən zövq alırlar və digər insanlarla vaxt keçirdikdən sonra enerjili hiss edirlər. Problemləri tək qapalı qapılar arxasında deyil, müzakirə yolu ilə həll edirlər ki, bu da onlara kompromis tapmağa imkan verir. İntrovertlər isə nisbətən daha "qapalı” və düşüncəli olmağa meyllidirlər, tək vaxt keçirdikdən sonra özlərini yenilənmiş hiss edirlər. Belə insanlar sözlərə deyil, düşüncələrə üstünlük verirlər, ona görə də bir şey deməzdən əvvəl həmişə düşünürlər.
Hamımız müəyyən dərəcədə ekstraversiya və introversiya nümayiş etdiririk, lakin çoxumuz bu və ya digərinə ümumi üstünlük veririk.
2-ci şkala (Observant–Intuitive): Vəziyyətdə oriyentasiya
Bu miqyas insanların ətrafdakı məlumatları necə toplamasına nəzarət edir. “Hiss” sözünü “sağlam düşüncə” kimi tərcümə etsələr də bu tam dəqiq deyil. Müşahidəçi tipinə aid olan insanlar vəziyyəti qiymətləndirərək, "sensorlar" sayəsində başa düşülə və hiss edilə bilən bütün detalları nəzərə alırlar. Onlar həmişə dəqiqdirlər, faktlarla təsdiqlənməyən təxminlərin onlar üçün heç bir əhəmiyyəti yoxdur və yalnız burada və indi baş verənlər böyük əhəmiyyət kəsb edir.
İntiutiv tipə aid olanlar isə intuisiyaya güvənməyə daha çox meyllidir. Hiss etməyə üstünlük verən bu tip insanlar reallığa, xüsusən də öz hisslərindən öyrənə biləcəklərinə çox diqqət yetirirlər. Onlar faktlara və təfərrüatlara diqqət yetirirlər və praktiki təcrübə əldə etməkdən gələcəyi təsəvvür etməkdən və mücərrəd nəzəriyyələrdən həzz alırlar. Çox vaxt bunlar inkişaf etmiş bir təxəyyülü olan insanlardır, onlar üçün dünya imkanların cəmləşməsidir.
3-cü şkala (Thinking–Feeling): Düşüncə–Hiss
Bu miqyas insanların hissiyyat və ya intuisiya funksiyalarından topladıqları məlumatlara əsaslanaraq necə qərar qəbul etmələrinə diqqət yetirir. (T) tipləri düşünməyə üstünlük verən, məntiqin birinci yerdə olduğu insanlardır. Ağılın səsinə tabe olurlar və yalnız diqqətlə düşünərək qərar qəbul edirlər. Bu tipin nümayəndələri məlumatı yaxşı təhlil edir, faktlara və obyektiv məlumatlara daha çox diqqət yetirirlər, eyni zamanda ədalətli və obyektiv olurlar. Hisslərə üstünlük verən (F) tip nümayəndələri isə bir nəticəyə gələrkən daha çox duyğuları nəzərə alırlar. Bunlar inkişaf etmiş emosional zəkaya malik insanlardır və onların hərəkətlərinə çox vaxt məntiq deyil, məhz hiss rəhbərlik edir.
4-cü şkala (Judjing–Prospecting): Mühakimə və rasionallıq-qavrayış və irrasionallıq
P-tipinə aid olanlar hərtərəfli nəzarət və planlaşdırma qabiliyyətinə malik deyillər, lakin onlar bir neçə kanal vasitəsilə çoxlu məlumatı qəbul edə bilirlər. İşləri son tarixlərdə yerinə yetirməyi yaxşı bacarırlar və bir şey səhv gedəndə panikaya düşmürlər. Dəyişiklik belə insanlar üçün çox asandır, çünki uyğunlaşma qabiliyyəti onların üstün cəhətidir. J tipləri, əksinə, bir tapşırıqlıdır, planlaşdırma və alqoritmləşdirməyə meyllidir. Onlar üçün ilk növbədə sabitlik önəmlidir, hər şeyi düşünüb-daşındıqdan sonra xaosu aradan qaldırmağa, istənilən problemin həllinə tam silahla yanaşmağa çalışırlar. Bu cür insanlar məqsəd qoymağı, prioritetləşdirməyi və nəticə əldə etməyi yaxşı bacarırlar.
5-ci şkala (Assertive–Turbulent): İddialı və Turbulent
İddialı fərdlər (Assertive-lər) özlərinə arxayın, səbirli və stresə davamlıdırlar. Məqsədləri hədəfləyirlər və uğurlu nəticələr istəyirlər. Onların keçmiş hərəkətləri və ya seçimləri haqqında düşünməyə çox vaxt sərf etmə ehtimalı azdır. Bu şəxsiyyət tipləri şəxsi təcrübələrindən dərs alırlar. Özlərinə çox inamlıdırlar, ancaq inamları həddən artıq güvənməyə çevrilərsə, onlar üçün problem deməkdir. Onlar məqsədlərinə və istədikləri nəticələrə mane ola biləcək problemləri və ya detalları ört-basdır edə bilərlər və hər şeyin müsbət olacağını fərz etməyə meyllidirlər. İddialı Şəxsiyyətə sahib olanların 94%-i, Turbulent kimliyə sahib olanların 58%-i ilə müqayisədə daha çox özünə inama sahib olduqlarını deyirlər. Turbulent qrupuna daxil olan tiplər isə uğura meyilli, mükəmməliyyətçi və təkmilləşməyə can atırlar. Onlar həmişə daha çox şeyə nail olmaqla özlərinə olan şübhələrini tarazlaşdırmağa çalışırlar. Necə ki, onlar özlərini daha yaxşı olmağa sövq edirlərsə, layihələrini və ya səylərini də eyni istiqamətə yönəltmək ehtimalı yüksəkdir. Turbulent şəxsiyyət tipləri kiçik problemlərə xüsusi diqqət yetirirlər və bu problemlər böyüməmiş onları yerində həll etməyə çalışırlar. Turbulent identifikasiyası olanların 86%-i deyir ki, özlərini başqaları ilə müqayisə etmək adətən mənfi hisslərlə nəticələnir.
Bu 5 şkaladakı göstəricilərin birləşməsindən 4 qrup (Analysts, Diplomats, Sentinels, Explorers) və 16 şəxsiyyət tipi formalaşır və bunu siz testdən keçməklə hansı qrupa məxsus fərdi keyfiyyətlərə malik olduğunuzu öyrənib özünüzə inkişaf planı cıza bilərsiniz. Test bir sıra web saytlarda pulsuz şəkildə istifadəyə təqdim edilmişdir. İndi isə fərdi keyfiyyətlərinizin özünəməxsusluğunu öyrənmə sırası sizdədir.