“Növbə mənə çatsa nə deyəcəm, boş danışsam, məni səhv başa düşsə, qəbul etməsə” – başlayaq…
Bu suallar qarşısında zamanla çoxumuz aciz qalmışıq. Hazırcavab olmaq hamımızın istədiyi, lakin üzərində yetəri qədər düşünmədiyimiz məqamdır. Bəzi insanlar qəfil situasiyada nə deyəcəyini bilmir, dili dolaşa-dolaşa nələrsə deyib vəziyyəti xilas etməyə çalışır, uğursuzluğa düçar olur və nəticədə özündən zəhləsi gedər. Digərləri isə səhv olsalar belə də, birtəhər üzə çıxmağı bacarırlar ki, bu, ayrı müzakirənin predmetidir.
Məsələn, sinifdə, auditoriyada bizə verilən ev tapşırığı mentor tərəfindən təriflənəndə, qısqanclıq hiss edən bir dırnaqarası dostumuz təxribat xarakterli (köçürə-köçürə adam oldun) bir söz ata bilər. Kiçik uğurumuzdan məst olan biz isə bu qəfil hücum qarşısında nə deyəcəyimizi bilmirik. Ya ağzımızdan mənasız və məntiqsiz sözlər çıxar, ya da gərəksiz yerə aqressivləşərik. Nəticədə lazım olan, adekvat reasiyanı verməmiş olaruq. Eyni məqam dost və ya iş ortamında da başınıza gələ bilər. Bunun kimi bir çox məqamda rəsmən nitqimiz tutulur. Üstündən zaman keçir və biz həmin hadisəni yenidən zehnimizdə canlandırırıq, deyilə biləcək yüzlərcə cavab taparıq. Ve normal olaraq heyifsilənirik, axı niyə o anda ağlıma gəlmədi ki, kaş ki yerində cavabını verəydim. Niyə bütün belə ağıllı cavablar ağlıma sonradan gəlir?! Təskinliyimiz də çox uzaqda deyil təbii olaraq, axı atalarımız – müsəlmanın sonrakı ağlı - deyə miras da qoyub. Ah, kaş ki, daha hazırcavab olsam, özümü ifadə etməkdə zaman itirməsəm… Bu istəyiniz insanlara fitrən verilmir, əmin olun, siz də bacararsınız. Dediklərimə, daha doğrusu demək istədiklərimə ən yaxşı nümunənini aşağıda oxuya bilərsiniz:
Qafqaz qartalı Şeyx Şamil ruslar tərəfindən əsir alındıqdan sonra rus çarı böyük ziyafət verir. Günlərlə ac qalan Seyx Samil yeməkleri böyük iştaha ile yeyərkən rus çarı yanındakılara: "Qorxuram bu adam bizi də yeyər" deyir. Şeyx Şamil bu sözləri eşidir və çara donərək: "Narahat olmayin, bizim dinimizdə donuz əti yemək qadağandır" - deyir.
Amma və lakin, dostlar, hər sözə də cavab verilməz haaa…
Mövlanə Cəlaləddin Rumi deyir ki:
Bu baxışdan anlamayana isə zamanınızı və enerjinizi xərcləməyə dəyməz.
Bizə babat :) hazırcavab obrazına sahib olmaq üçün yerində, zamanında və qədərində danışmaq lazımdır. Bir daha vurğulayıram, hazırcavab olmaq anadangəlmə bir qabiliyyət deyil, müəyyən təcrübə ve düşünme tərzini dəyişdirərək qazana biləcəyiniz xüsusiyyətlərdən biridir.
Müasir təhsil sistemi əzbərçilik üzərində qurulub, gənclər kitabları əzbərləyib test imtahanlarına girirlər və təəssüf ki öz fikirlərini ifadə edə bilmirlər. Əslində çoxları elə fikirləşir ki, əzbərçilik təhsil sisteminin günahıdır, yəni gənclərin əzbərləyərək böyüməsinin səbəbi özləri deyil, dövlətdir. Amma gəlin bu məsələyə bir az fərqli pəncərədən baxaq. Əslində əzbərçilik sisteminin günahı məhz təhsil alan gənclərdir. Çünki həmişə asana qaçmışıq, heç vaxt özümüzü ifadə etmək barədə oturub düşünməmişik. Heç fikirləşməmişik ki, gələcəkdə kütlə qarşısında çıxış zamanı nə edəcəyik, əzbərləyə-əzbərləyə hara gedirik?! Bir şeyi öyrənməyin ən asan yolu yoxdur, sadəcə bunu başa düşə bilmirik, öyrəndiyimiz məlumatı başa düşsək zatən asan yolu taparıq. Yəni yaddaşım yaxşıdır deyə əzbərləmək çıxış yolu deyil, heç fikir verməmisiniz ki biz azərbaycanlılar kütlə qarşısında çıxış edərkən nitqimiz zamanı çox vaxt ı-nıldıyırıq və yəni bunun səbəbi əzbərçilik sistemidirmi?! Yoxsa səbəb bizim özümüzü ifadə edə bilməməyimizdədir? Bəlkə də dövlətlərin üzərinə nəsə yıxmağı buraxıb, bir az da səhvi özümüzdə axtaraq?
Artıq başa düşürük ki, yaxşı maaş və karyeradan əlavə əsas məqam insanın iki sözü bir-birinə qoşub cümlə qurmasıdır. Çünki nitqi yaxşı insanın, yaxşı karyerası və yaxşı işi olacaq. Razıyam ölkədə universitetə yenicə qəbul olmuş tələbəyə “özünü ifadə edə bilmək” adlı bir dərs keçirilmir amma bəlkə də keçirilməsi ən vacib olan dərs budur. Adətən gənclərin çoxu məhz universitet zamanı dolu kütlələri görür və bu kütlə qarşısında özünü ifadə edə bilmək məcburiyyətində olur, ümumiyyətlə ali təhsil aldığı dövrdə nitqin, özünü ifadə edə bilməyin ən lazımlı bacarıq olduğunu başa düşür.
Dünyada ən acı və ən şirin nəsnəsi (əminəm indi çoxunuz “nəsnə” nədir deyə lüğətə baxırsınız) insan dilidir. Bunu yaxşı istifadə edən insanın nə iş müsahibəsində, nə də ki, iş həyatında problemi olar. Zatən nitqin özü də dildən başlayır, bilmirəm bilirsiniz yoxsa yox, ölkəmizdə dil masajları adlanan yerlər var, hansı ki, uşaqlara dili düzgün işlətməklə bağlı dərslər verilir. Hərçənd bu yerlər daha çox nitqində qüsuru olan uşaqlar üçün fəaliyyət göstərsə də, ən azından bu problemi həll etmək üçün addım atan insanlar var.
Özümüzü ifadə edə bilmək üçün bizə nə lazımdır?! Ürəyiniz, beyniniz doludur, amma bunu qarşınızdakına izah edə bilmirsiniz. Çünki, lazım olan söz ehtiyatınız yoxdur. Çünki lazım olmayanlar daha çox yer tutur.
Və nəhayət mənim nitqimin sizin xoşunuza gələn tərəflərinin sirləri:
Kitab oxuyaraq söz ehtiyyatınızı artırın.
Güzgünün qarşısında 20 dəqiqə öz-özünüzlə danışın.
Sosial mediada az yazışın, daha çox üz-üzə dialoqlara yönəlin.
Məqalənin müəllifi: Leyla Səmədova