Networking - düzgün əlaqələrə malik olmaqla istənilən problemi həll edə bilərsiniz.
Networking sözünü çoxları dərhal İnternetlə əlaqələndirilir. Doğrudan da, lüğətə baxsaq, Net - şəbəkə, Work - iş kimi tərcümə edəcəyik. Şəbəkədə iş? Əslində Networking qurmaq bir şəbəkə qurmaq işidir. İşgüzar əlaqələr şəbəkələri. Bu əlaqələr nə qədər çox olsa, şəbəkə nə qədər güclü olsa, istənilən biznes və şəxsi məsələlər bir o qədər uğurla həll olunur.
Networking ilk növbədə bir şəxsdən digər şəxsə ötürülən məlumat, fikir və düşüncə mübadiləsi sonunda şəxsin qarşısındakı ilə əlaqəsinin yaranması və bu yolla özünə sosial bir mühit formalaşdırmasına verilən ümumi addır. Yaradılan bu əlaqələr həm qarşılıqsız şəkildə, sosiallaşma səbəbilə, həm də ətrafda kiməsə yardım etmək və ehtiyac olduqda əlaqəyə keçə bilmək məqsədilə ola bilər.
“Networking” anlayışı amerikalı alim Stenli Milqram tərəfindən hazırlanmış “altı əl sıxma” nəzəriyyəsinə əsaslanır. Söhbət ondan ibarətdir ki, bütün insanlar bir-biri ilə 6 şəxsiyyət vasitəsilə tanışdır, hər bir insan planetin istənilən sakini ilə 6 nəfərlik zəncir vasitəsilə bağlana bilər. Dünyada biznesin inkişafı ilə bu nəzəriyyə transformasiyaya uğradı. Sosial şəbəkələrin əsas təşviq vasitəsinə çevrildiyi informasiya əsrində o, networking formalaşdı: şirkətlər və korporasiyalar üçün əlaqələr, işçilər və təcrübə mübadiləsi apararaq əməkdaşlıq etmək daha sərfəlidir. Bu, onların nüfuzuna və inkişafına müsbət təsir göstərir. Bu üsul təkcə peşəkar sahədə deyil, həm də gündəlik həyatda istifadə olunur - tanışlıq bütün insanların həyatını asanlaşdırır.
Bəs ümumən, networking necə qurulmalıdır və bu prosesdə nələrə önəm verilməlidir? Yaradacağınız bu yeni mühitdə insanları necə seçməlisiniz?
Bu yazımızda sizə 7 addımda uğurlu networking yaratmağın yollarını açıqlamışıq, gəlin başlayaq!
1. Gecikməyin:
Dəvət olunduğunuz tədbirlərə gecikmək, əksər hallarda, yanlış hesab edilmir. Lakin networking üçün bu qayda tamamilə əksinədir. Çünki tədbirə öncədən gələrək həm insan sıxlığı başlamadan daha rahat ünsiyyətə başlama şansı əldə edəcək, həm də ünsiyyətə başlamaq üçün başqa kiminsə söhbətini yarıda kəsmək, icazə istəmək kimi məcburiyyətlərdə qalmayacaqsınız.
2. Təməl qaydalara əməl edin:
Gülümsəmək, səmimi olmaq, lakin bunların hamısını edərkən həddindən çox paylaşım etməmək əsas networking qaydalarıdır. Ünsiyyət zamanı ucu açıq suallar verməyi, diqqətlə dinləməyi, qarşınızdakına həqiqətən maraq göstərməyi və qarşıdakı şəxsə düzgün suallar verməyi əsla unutmayın!
3. Sosial mediadan yararlanın:
Sosial mediada paylaşılan “event”lər və yaradılan fərqli qruplar networking üçün ən yaxşı imkanlardandır. Belə ki, bu yolla həm sosial mediada aktivlik göstərərək sosial profil yarada, həm də fərqli insanlarla daimi əlaqə yarada bilmək üçün fürsət əldə edə bilərsiniz. Eyni zamanda, sosial media vasitəsilə qarşınızdakı insan haqqında ilkin məlumatları da söhbətə başlamadan əldə edərək, söhbətə düzgün yanaşma ilə başlamaq imkanınız da olacaq.
4. Tədbirlərdən öncə plan qurmağı unutmayın:
İstənilən yerə gedərkən öncədən mütləq plan qurun. Məsələn, tədbirdə 1 saatlıq iştirak və ya 10 nəfərlə ünsiyyət qurmaq kimi məqsədli planlarınızın olması sizə networking barədə kömək olacaqdır. Bu yolla həm də zaman planlaması bacarığınızı da inkişaf etdirə və zamanın səmərəli istifadəsi üzrə peşəkarlaşa bilərsiniz.
5. Əlaqə detallarınızı paylaşın:
Tədbirdə iştirak və ya istənilən görüş sonrası əlaqədə qalmaq istədiyiniz, sizə faydalı ola biləcəyini düşündüyünüz insanlarla visit kart və ya sadəcə əlaqə üçün məlumatlar bölüşməyə və qarşınızdakının da məlumatlarını əldə etməyə çalışın. Bu yolla həm sonrada əlaqə yaratmaq imkanına sahib olacaq, həm də peşəkar görünüş yaratmaq yolunda ilk addımı atmış olacaqsınız.
6. Ünsiyyət zamanı qeydlər aparın:
Qarşınızdakı şəxsi dinləyərkən qeydlər götürməyiniz həm həmin şəxsə qarşı diqqətcil olduğunuzun göstəricisi, həm də şəxs barədə detalları unutmamağınızın ən yaxşı yoludur. Bu yolla qarşınızdakı insan sizin ünsiyyətə verdiyiniz dəyəri görəcək və bununla da onu yaradacağınız sosial qrupa daxil etməyiniz də asanlaşacaq.
7. Yenidən əlaqəni unutmayın!
Networking qaydalarından ən əsası da ünsiyyət sonrası 24 saat ərzində (maksimum 48 saat) özünüzü yenidən xatırlatmaq və yenidən əlaqəyə keçməkdir. Bununla da başladığınız söhbəti davam etdirə və əlavə olaraq bu ünsiyyəti peşəkar mühitə də daşıya bilərsiniz.
Unutmayın ki, dünya böyükdür və sizin həyatınızı daha maraqlı, xoşbəxt və məhsuldar etməyə kömək edəcək çoxlu insanlar var. Bu insanları tapmaq və öz növbəsində onlar üçün maraqlı və faydalı olmaq vacibdir.