Меню

Niyə “Professional ağıl” yox, “Professional zəka”?

Zəka və ağıl arasındakı fərqlər nələrdir?

Bu məqalədə fərqli və sadə formada hər kəsin həyatında ən az bir dəfə düşündüyü mövzu ilə bağlı fikirlərimi bölüşmək istərdim. Ümid edirəm ki, sizin üçün sıxılmadan oxuyacağınız bir məqalə olar.

Bəlkə də bir çoxumuz bu sualı düşünmüşük: “görəsən, ağıl və zəka eyni anlayışdır?”. Bəzən cümlə içində biri haqqında istifadə etdiyimiz “çox ağıllıdır” sözü yalnış yerdə işlədilmiş ifadə ola bilir. Gəlin birlikdə ağıl və zəka arasındakı fərqlərə nəzər salaq.

 

Ümumiyyətlə, ağıl nədir?

Məsələn: Doğru ilə səhvi ayırmaq, həqiqətlə batili ayırd etmək. Əlbəttə ki, ağlımız sayəsində bunu edə bilərik. Digər bir misal: Bəzən bir şeyi çox istəyirik, lakin bilirik ki, bunu etmək və ya onun üçün çabalamaq məntiqsizdir və özümüzü saxlayırıq. Burada bizi dayandıran və hadisəni fərqli cəhətdən qiymətləndirməyimizə yardım edən ağlımızdır. Əlavə olaraq, ağıl sayəsində aldığımız qərarları sorğulaya bilir və qərarlarımız sayəsində məsuliyyət daşıyırıq, bir şey haqqında fikir irəli sürürük və s.

Bəs zəka nədir?

Tez-tez “Analitik zəka”, “Zəka yaşı” “Süni zəka, yaxud süni intellekt”, “Duyğusal zəka” kimi qarşılaşdığımız ifadələr var. Diqqət etdinizsə, yuxarıdakı cümlədə bir ifadə işlətdim: “Zəka yaşı”. Bir çox insan bunu “Ağıl yaşı” olaraq istifadə etsə də, əslində bu ifadə doğru deyil. Çünki zəka yaşınız sizin hadisələrə reaksiyanızı, bunu necə qiymətləndirdiyinizi, zamanı necə idarə etdiyinizi, hansı bacarıqlara sahib olduğunuzu, yaddaşınızın hansı dərəcədə güclü olduğunu və s. göstərir. O zaman zəka və uğur eynidirmi? Hər zəkalı, yaxud zəki insan uğur qazana bilərmi? Ümumiyyətlə, bir sahədə uğur qazana bilməmək zəki olmamaqla eyni deyil və ya zəki insanlar bütün sahələrdə uğurlu olmaya bilər. Buna görə də uğurlu insanların hamsına zəkalı demək doğru deyil, onlar sadəcə ağıllıdırlar.

Zəka və ağıl arasındakı fərqlərə gəldikdə isə bunları aşağıdakı kimi qiymətləndirmək olar:

1. İnsanlar ağıl sayəsində özü qərar verə, düşünə və özlərini idarə edə bilir, lakin zəka sayəsində özləri ilə birlikdə ətrafındakı insanları və vaxtlarını da düzgün idarə edə bilirlər.

2. Araşdırmalara görə, zəka 30 yaşadək inkişaf edir və sonrakı yaşlarda sabit qalır. Ağıl isə belə deyil, ölənə qədər həmişə inkişafa açıqdır. Əslində, hər zaman deyirlər ki, yaşlaşdıqca daha çox ağıllı oluruq, lakin bu hissə bir qədər müzakirəyə açıq mövzudur.

3. Biz zəkanı müxtəlif IQ testlərlə ölçə bilərik, ancaq ağlın ölçülə bilməsi hazırkı dövr üçün mümkün deyil.

4. Ağılın etik bir ölçüsü var, əgər yaxşını pisdən ayırsanız, nə demək istədiyimi başa düşməyiniz daha asan olacaq. Məsələn, ağıllı insan bir şey hazırlayarkən bunu başqasından kopyalamır, yaxalanacağını bilir və etdiyi şeyin etik olmadığının fərqindədir. Zəka isə daha neytraldır, etik bir ölçüsü yoxdur. Zəki insanlar bütün fürsətləri öz lehinə istifadə etməyə qadirdir.

5. Zəkanız sizdə müxtəlif ideyalar yaradır, ağlınız isə onu lazımi yerdə istifadə etməkdə sizə kömək edir.

6. Zəka şəxsin özünə məxsusdur və başqasından alına bilmir. Lakin “Ağıl ağıldan üstündür” ifadəsi burada izah etməyimizə kömək edir, yəni biri ilə məsləhətləşdikdə onun zəkasından deyil, ağlından yararlanmış olursunuz. Başqasından aldığınız məsləhət zəkanızı artırmaz, lakin ağlınıza yeni fikirlər gətirə bilər.

 

Zəka və ağıl arasındakı fərqlərə nəzər saldıqdan sonra başlıqda da qeyd etdiyim iş dünyasında “Professional zəka” haqqında danışmaq yerinə düşər. Gəlin professional zəkanın komponentlərindən bir az bəhs edək: Bir vakansiya üçün hər hansısa müəssisəyə müraciət etdikdə müsahibədə ilkin testlərdən keçdikdən və işə götürüldükdən sonra rahatlıq yaranırmı? Təbii ki, xeyr! Hər mövzuda ixtisaslaşan firmalar ən peşəkar işçilərlə işləmək istədikləri üçün sizin peşəkar zəkanızı qiymətləndirirlər. İş yerinizdə sizi müşahidə edir və iş həyatında uğur qazanma qabiliyyətinizi, hadisələr qarşısında davranış modellərinizi təhlil edirlər. Peşəkar zəka özündə 5 komponenti birləşdirir:

1. Zehniyyət - İş dünyasında zehnini və ya zəkasını düzgün inkişaf etdirən və zəki olan insanlar münaqişələri asanlıqla və qısa müddətdə həll edirlər, onların inandırma və razı salma bacarıqları yüksəkdir, qarşısındakı insanlarla empatiya qurma bacarığına malikdirlər, hər riski və ya krizi öz lehlərinə çevirə bilirlər.

2. Beynin funksiyalarını bilmək və beynini doğru idarə etmək - Yüksək vəzifələrdə çalışan rəhbərlərdən hazırkı mövqelərini nəyə borclu olduqlarını soruşsanız, klassik cavab "İnsanları necə idarə edəcəyimi bilirəm" olacaq. İnsanları idarə etmənin və öz beyninizi düzgün istifadə etmənin qızıl qaydası isə sağ və sol beyin mexanizmlərini yaxşı bilməkdir. Sol beyin daha məntiqli, analitik və texniki, sağ beyin isə daha emosional, humanitar meyilli və intuitivdir. Bu mövzuda inkişaf etmiş insanlar həm özlərini, həm də digər insanları daha yaxşı idarə edirlər.

3. Zehni fəaliyyət - Eyni ofisdə çalışan insanlara eyni dərəcədə mobbing tətbiq olunarsa, hər birinin reaksiyası fərqli olacaq. Bunun əsas səbəbi işçilərin zehni fəaliyyət səviyyələrindəki fərqdir. Məsələn, yüksək konsentrasiya tələb edən işlərdə çalışanların digərlərinə nisbətən xarici səslərə qarşı reaksiyaları daha həsas olur. Araşdırmalarda 8 saatlıq və ya 10 saatlıq iş rejimində 15 dəqiqəlik fasilə vermək, yaxud 1 saatlıq nahar fasiləsinə çıxmaq insanlarda aşağı enerji səviyyəsinin qarşısını aldığı təyin olunmuşdur. Burada rəhbərlərin üzərinə düşən əsas məsələ isə zehni dözümlülüyü aşağı olan işçilərini işdən çıxarmaq əvəzinə, lazımi təhsili alaraq daha məhsuldar olmasını təmin etməkdir.

4. Neyroplastika - İnsan beyni doğulduğu andan başlayaraq həyatı boyu öyrənməyə davam edir. Beynimizdəki sinir hüceyrələri xaricdən gələn hər bir stimulla dəyişir və yeni əlaqələr qurur. Bu xüsusiyyətə “neyroplastiklik” deyilir. İş mühitində fərqli mədəniyyətlərdən və fərqli təhsil səviyyələrindən olan işçilər varsa, işçilərin gün ərzində fiziki fəaliyyətlə məşğul olmasına icazə verilirsə, işçilərin yeni biliklər əldə etmələrinə və daim inkişaf etmələrinə dəstək verən bir meneceri varsa, onların neyroplastiklik səviyyələri yüksəlir və nəticədə yüksək adaptasiya bacarığına malik olurlar. Bu vasitə ilə belə işçilərin məhsuldarlığı daha da artmağa başlayır. Əlavə olaraq qeyd etmək istərdim ki, “Neyroplastika” anlayışı hazırı dövrdə marketinqin inkişaf etmiş sahələrindən biri olan “Neyro marketinq” sahəsində ətraflı öyrənilməklə birlikdə daha geniş istifadə edilir.

5. “Peşəkar və ya professional mən” anlayışı - İş müsahibələrində “Bu şirkətdən gözləntiniz nədir? Bu vəzifə üçün tələb olunan keyfiyyətlərə sahibsinizmi? Beş ildən sonra özünüzü harada görürsünüz?” kimi sualların cavabı “Peşəkar mən” anlayışını müəyyənləşdirməyə və anlamağa imkan yaradır. İşçilər öz çatışmazlıqlarını bilərək və lazımi təlimlər alaraq öz peşəkar şəxsiyyətlərini inkişaf etdirirlər. Eyni zamanda, “professional mən” anlayışı iş dünyasındakı işçinin imicidir. Yəni bu, müdirin, menecerin və onların tabeliyində olan digər işçilərin müştərilərin gözündəki yansımasıdır. Xülasə, müasir iş dünyasında “sağ qalmaq” və uğur qazanmaq istəyiriksə, daim özümüzü inkişaf etdirməliyik. Mümkün olduqca şəxsi inkişaf təlimlərinə qatılaraq özümüzə yetərincə investisiya yatırmağı unutmamalıyıq. Yeni nəsil iş dünyasında emosional zəka ilə normal zəkanın qarışdığını nəzərə alsaq, beynimizi bol qidalandırmağa diqqət edərək bütün maneələri dəf etmək mümkündür. Yaşadığımız hər bir anın və təcrübənin dəyərli olduğunu və bizi bir addım irəli aparacağını düşünüb mənfi halları öz xeyrimizə çevirmək üçün hər bir fürsəti dəyərləndirə bilərik. Unutmayaq ki, yalnız bu halda iş dünyasının axtardığı peşəkar mütəxəssislər ola bilərik. Ümid edirəm ki, oxuduğunuz məqalə bir az da olsa, bəzi suallara cavab tapmaqda sizə yardımçı olmuşdur. Bu məqalədə zəka və ağıl arasındakı fərqləri qeyd etdik, iş dünyasındakı professional zəkadan bəhs etdik. Zehin və zəka arasındakı fərqləri isə digər məqalələrdə paylaşmaq ümidi ilə...