Меню

Məhsul Meneceri yoxsa Layihə Meneceri?

Bu məqalədə sizə IT şirkətlər üçün proqramçılar qədər zəruri olan 2 mütəxəssisdən – məhsul və layihə menecerlərindən danışacam.
Həyatımıza sürətlə daxil olan texnologiyaların gətirdiyi dəyişikliklər əmək bazarından da yan keçmir. Təxminən 20 il əvvəl mövcud olmayan “SMM menecer”, “SEO təhlilçi” (SEO Analyst) və s. kimi peşələrin adları indi heç kimi təəccübləndirmir. Onların fonunda klassik sayıla biləcək məhsul və layihə menecerlərini isə hələ də qarışdıranlar, eyni hesab edənlər var.
Əlbəttə ki, məhsul və layihə menecerlərinin yeganə ortaq cəhəti hər ikisinin “plaza dili”ndə PM (Product Manager, Project Manager) abreviaturası ilə adlandırılması deyil. Bu mütəxəssislər üçün zəruri olan müəyyən bacarıqlar da, məsələn, liderlik, vaxtın düzgün idarəedilməsi və s. üst-üstə düşür, ancaq onların gördüyü işlər fərqlidir. Əgər bu rollardan hər hansı birinə iddialısınızsa, ən azı, sizə olan gözləntiləri anlamaq üçün həmin fərqlərə bələd olmalısınız.

Məhsul və layihə menecerlərinin fərqindən bəhs edən, demək olar ki, bütün məzmunlar əvvəlcə məhsul və layihə anlayışlarının mənasına nəzər yetirməklə başlayır. Biz də ənənəyə sadiq qalaq.


Məhsul və Layihə - fərq nədədir?

Məhsul – istehlakçıların ehtiyaclarını qarşılamaq məqsədi daşıyan mal və ya xidmətdir. Daha “gözlə görünəndir”, konkretdir, mücərrəd olmayandır. Fiziki nəsə də ola bilər, hansısa proqram təminatı və ya xidmət də...

Layihə - məhsulun (mal və ya xidmətin) yaradılması və ya təkmilləşdirilməsi, inkişafı məqsədilə icra olunan müvəqqəti prosesdir. Onun başlanğıcı, ortası və sonu, müddət və büdcə kimi dəqiq çərçivələri, əvvəlcədən müəyyənləşdirilmiş nəticəsi var.

Layihədən fərqli olaraq, məhsul müvəqqəti deyil. O, istifadəçilərin ehtiyaclarına uyğunlaşdırılır, təkmilləşdirilir. Beləliklə, məhsulun yaradılması, təkmilləşdirilməsi, şaxələndirilməsi bir neçə layihəni özündə birləşdirə bilər. Məsələn, ev – məhsuldur. Onun tikintisi - əvvəli və sonu olan bir layihədir. Onun təmiri – əvvəli və sonu olan başqa bir layihədir...

İndi isə gəlin, məhsul və layihə menecerlərinin rolları arasındakı fərqləri nəzərdən keçirək.

Məhsul meneceri “Nə?” və “Niyə?” suallarını cavablandırmaqla məşğuldur.

Məhsul menecerini adətən “məhsulun CEO-su” adlandırırlar. Onun rolu daha çox stratejidir.

Strateji planlaşdırma, bazarın qiymətləndirilməsi, rəqiblərin analizi, fərziyyələrin (hipotezlərin) müəyyənləşdirilməsi və təsdiqlənməsi, istifadəçi ehtiyaclarını anlamaq, onları dizayn və MVP (Minimum Viable Product – Minimum tətbiq olunan məhsul) dilinə çevirmək, həmin ehtiyacları qarşılaya biləcək məhsulu yaratmaq üçün development komandasına rəhbərlik etmək, testlər, məhsulun buraxılması, təkmilləşdirmələr və s. – bunlar məhsul menecerinin məsuliyyətində olan işlərin kifayət qədər uzun və çoxşaxəli siyahısının sadəcə bir hissəsidir.

Məhsul meneceri həm də məhsulun maliyyə nəticələrinə (gəlir və itki) cavabdehdir. Buna görə biznes hədəflərinə çata bildiyindən əmin olmaq üçün satış, marketinq, müştəri xidmətləri və dəstək komandaları ilə sıx şəkildə əməkdaşlıq edir.

Qısacası, məhsul meneceri məhsulun vizyonunu müəyyənləşdirir, ona sahiblənir, məhsulun bütün həyat sikli (life cycle) boyunca onunla olur. Məhsulu alfa testlərdən betaya keçirmək vaxtını təyin edən də odur, səhv işləyən funksionala görə məhsulun yeni buraxılışını gözlətməyi müəyyənləşdirən də, özünü doğrultmadığı üçün bütünlüklə məhsulu və ya onun hansısa hissəsini ləğv etməyi qərarlaşdıran da.

Əsas məsələ odur ki, məhsul menecerinin gördüyü işin mərkəzində “müştəri” durur. İstər bir məhsulun sıfırdan yaradılması olsun, istərsə də məhsula hansısa kiçik dəyişikliyin edilməsi – fərq etməz, istənilən halda məhsul meneceri müştərinin/istifadəçinin problemini həll etməlidir. O, şirkətin yox, müştərinin/istifadəçinin vəkili kimi çıxış etməlidir. Yəni məhsul meneceri etməli olduğu "Nə?”-yi müəyyənləşdirərkən bu qərarın “Niyə?”-sinin mənşəyində müştərinin ehtiyacı durmalıdır.

Bir qayda olaraq, bir məhsulun yaradılması üzərində bir neçə layihə komandası işləyir. Ona görə də məhsul meneceri bir məhsul daxilində bir neçə layihəyə rəhbərlik edə bilər. Hər konkret layihə isə layihə menecerinin məsuliyyətindədir.

Layihə meneceri “Necə?” və “Nə vaxt?” suallarını cavablandırmaqla məşğuldur.

Layihə menecerinin rolu taktikidir. O, layihənin razılaşdırılmış büdcə və müddət daxilində uğurlu şəkildə reallaşdırılmasına cavabdehdir.

Bu məqsədlə layihə meneceri layihə üzrə tələblərin yığılması və formalaşdırılması, işlərin icra olunma planının tərtib olunması, podratçıların axtarışı, tapşırıqların verilməsi (qoyulması) və onların icra müddətinə nəzarət, büdcənin xərclənməsinə nəzarət, layihə üzrə sənədləşmənin aparılması (texniki tapşırıq, müqavilələr, aktlar, hesabatlar, smetalar) ilə məşğul olur.

Layihə meneceri layihə üzərində aparılan işlər zəncirinin bütün halqaları ilə sıx ünsiyyətdə olur – yazışmalar, zənglər, görüşlər... Ona görə də bu mütəxəssis üçün ən vacib bacarıqlardan biri ünsiyyətlilikdir – söhbət təkcə rəsmi-işgüzar yox, həm də qeyri-rəsmi ünsiyyətdən gedir. Çünki o, iş prosesində münaqişələri tənzimləməli, danışıqlar aparmalı, komandanı koordinasiya etməlidir.

Layihə meneceri məhsulun maliyyə nəticələrinə görə məsuliyyət daşımır. Əvvəlcədən müəyyənləşdirilmiş hədəflər əldə edildikdən sonra onun işi başa çatır.

Hər iki PM-in funksiyalarının əks olunduğu cədvəllə bu şəkildən tanış ola bilərsiniz.


Göründüyü kimi, məhsul menecerləri daha çox “xaricə” fokuslanırlar, layihə menecerləri isə “daxildə” işləyirlər. Məhsul meneceri üçün əsas uğur göstəricisi hədəf auditoriyanı yaxşı tanımaq və məhsuldan gəlir əldə etməkdir. Layihə meneceri üçün əsas uğur göstəricisi iş proseslərinin düzgün təşkili və zəruri iş metodlarının tətbiq olunmasıdır. Bu rolların fərqliliyi bir-birini tamamlayır və onların dueti şirkətin uzunmüddətli uğurunun təminatçısıdır.

Şirkət üçün hansı daha vacibdir?

Bu sual xüsusilə kiçik şirkətlər üçün aktualdır. Lakin bu mütəxəssislərdən hər hansı birinin digərindən daha vacib olduğunu demək yanlış olar, çünki onlar fərqli funksiyaları icra edirlər.

Ümumiyyətlə isə IT sferada məhsul və layihə menecerləri arasındakı sərhədlər tədricən silinir. Artıq layihə menecerləri sadəcə tapşırıqların planlaşdırılması və icrasına nəzarətlə məhdudlaşmır, yavaş-yavaş məhsul funksiyalarını da üstlənirlər. Məhsul meneceri də layihə meneceri funksiyasını icra edə bilər. Ancaq hər şey layihənin mürəkkəbliyindən və icra müddətindən asılıdır. Əgər layihə uzunmüddətlidirsə və müxtəlif departamentlərdən və coğrafi ərazilərdən olan insanların iştirakını tələb edirsə, bu halda həmin rolların ayrılması daha məqsədəuyğundur.

Belə olan halda məhsul meneceri diqqətini onun üçün əsas olan funksiyaya – yəni məhsulun vizyonuna yönəltməklə daha önəmli dəyər qatmış olar. Layihə meneceri isə layihənin icrasına - müəyyənləşdirilmiş vaxt və büdcə çərçivəsində keyfiyyətli nəticəyə fokuslanar.