Menu

Sosial media izləyicisi bizdən hansı xəbəri gözləyir?!

Oxucu, tamaşaçı, ya da bugünkü sosial media izləyicisi bizdən hansı xəbəri gözləyir?! Və ya xəbərçilik əxlaqı nədir?!

Əvvəlcə deyim ki, bu yazının müəllifi təxminən 2 il əvvəl özünə əsl xəbərçi deyə bilərdi. Amma real vəziyyətdə bu qədər iddialı ola bilmərəm və olmamalıyam. Çünki sürətlə dəyişən dünyada xəbər istehsalçısı və istehlakçısı ciddi şəkildə öz sələflərindən fərqlənir. Biz xələflər isə artıq kim olduğumuz üzərində uzun illər bir xeyli baş sındırmalı olacağıq.
  
Mövzuya qayıdası olsam, çünki qayıtmalıyam, peşəkar və ya qeyri-peşəkar xəbərçi istənilən halda konkret olmalıdır. Ona görə ki, bu gün onun oxucusunun, tamaşaçısının və izləyicisinin vaxtı hətta 2 il əvvəlki versiyasından daha azdır. Bu gün insanlara maksimum 5-6 altı cümlədən ibarət yetkin xəbər çatdırmalısan. Yeri gəlmişkən, biz bunu İnfocell-də eynən belə də edirik, 480 simvolun köməyi ilə bir hadisənin və ya faktın məzmunu təqdim etməyə çalışırıq.  
  
Xəbər bazarı: var idi, təzə qurtardı… 
   
Beləliklə, aydın olur ki, təlabatı nəzərə alaraq xəbərin həcmini hələlik biz istehsalçılar, yəni xəbərçilər təyin edirik. Bəs xəbərin məzmununu kim seçir? Minlərlə xəbərin içindən insanlara məhz hansıları seçib, çatdırırıq - birlikdə bunu araşdırmağa çalışaq. Çünki bu barədə dəqiq heç bir statistika və ya sadə göstərici hələ ki, yoxdur. Xəbər bazarı və ona olan tələbat hər keçən gün dəyişir, ya da dəyişməyə məcburdur. 
  
Xəbəri satırıq, amma gərək alan olsun! Amma nə satsan alacaqlarmı? Və ya alacaqlarına əmin olduqlarımızımı satırıq? Bu, o qədər qarışıq dilemmadır ki, dəqiq izah vermək mümkünsüzdür. Ortada insan faktoru var. Məsələn, mən universitetə qəbul olanda, əvvəlcə bizə dedilər ki, jurnalitika həm də biznesdir. Həmin universiteti bitirəndə isə eyni adamlar dedilər ki, jurnalistika təkcə biznesdir… 
 
Yuxarıda, xəbərçilikdə son 100 ildə çox şey dəyişib, demişdim. Belə ki, “dünyadan xəbərim olsun” deyənlər, səhər evə ən yaxın köşkdən qəzet alardılar. Daha şəhərli və urban olmağa qərar verənlər isə abunə olur, qəzet düz evlərinə gələrdi. Səhər yeməyini yeyə-yeyə isə, dünyanın lap o başıından xəbər tuturdu. Amma dünənki xəbəri, yəni qəzetçilik bir gün gecikmə ilə satırdı məhsulunu. Sonra televiziya böyük qardaşının  köməyinə gəldi və xəbəri nisbətən daha “təzə-təzə” almaq imkanı oldu insanların. Əvvəl gündə bir dəfə, sonra bir neçə dəfə xəbəri əldə etmək imkanı illərlə liderliyini qoruyub saxladı… Sonra isə İNTERNET erası başladı. Koroğlu demiş: “Tüfəng çıxdı, kişilik bitdi”. İfadəmdə zarafat payı var, amma bu barədə aşağılarda bir yerdə daha ətraflı qeyd etməyə çalışacam.  

Xəbərdə “müştəri” məmnuniyyəti

Hələlik qayıdaq vacib suala – insanlar bizdən hansı xəbəri gözləyirlər?! Peşə etikası və peşəkar jurnalistika prinsiplərinə uymayaraq deməliyəm ki, oxucu nə istəsə, ona məhz o xəbəri satırıq. Çünki alınmayan xəbər qalıb “xarab” olur və nəticədə istehsalçı ziyan edir. Ziyanla işləyən media kapitanı xəbəri hazırlayan əməkdaşına maaş vermir və beləcə onu itirir. Bu mənfi tendensiya xəbəri maşını xarab olana qədər davam edir. Yəni biz nə qədər Sevda Ələkbərzadəyə israr etsək də, çox hörmətli vətəndaş gedib Damlaya qulaq asır. Amma və lakin, peşə etikasını unutmaq sizə o qədər də asan gəlməsin. Qazanılan pullar gözü, insanları zəhərləyəcək qədər tutmur həmişə. Bu bazarda orta yolu tapmağı bacaranlar həmişə olur. 

Qəddar İNTERNET

  Lap tutalım ki, media kapitanı Ali Jurnalistika uğrunda sonuncu magikan olmağa iddialıdır. Və istehsal olunan xəbər ana prinsiplərə əməl olunaraq hazırlanır. Heç kimin şəxsi həyatı qurdalanmır, qan-qada dolu xəbərlərlə insanların psixikası korlanmır və sair və ilaxır. Amma xəbərin 3 qolunu -  informasiya, maariflədirmə və əyləndirmə priniplərinə əməl edərək davam edən etik jurnalist bu savaşda başdan məşğlubdur. Məqsədi kriminal və dedi-qodu təyinatlı xəbər olan alıcının əlində indi daha asan, eləcə də ucuz başa gələn internet bazarı var və bir tıkla bütün dünya onundur. Bizə isə qalan tək təsəlli budur: özümüzün də əsirinə çevrildiyimiz bu QƏDDAR İNTERNET təkcə bizim bazarımıza girməyib. Onunla müharibə faydasız iş əmsalıdır, əməkdaşlıq etmək üçün isə heç vaxt gec deyil. Və bu, artıq başqa mövzunun müzakirəsini tələb edir.