Menu

Homo Ludens* Oynayan insanların psixotipləri

*Homo Ludens, (lat. “Oynayan insan”) 
1938-ci ildə Niderland tarixçisi və mədəniyyətşünası 
Yohan Heyzinq tərəfindən nəşr edilmiş əsərin adı


İnsan öz təbiətinə görə sosialdır. Fərqinə varmasaq da, hamımız oyunları sevirik. Çoxsaylı fəndlər, endirim kartları, rəngbərəng qiymət etiketləri, merçendayzinq, “ikisini al, üçüncünü pulsuz əldə et” və sair kimi aksiyalar böyük bir oyunun tərkib hissəsidir, və biz onu məmnuniyyətlə oynayırıq. 

Oyunlaşdırma (geymifikasiya) həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilib. Lakin psixologiyamızın qanunauyğunluqlarını öyrənmədən, oyun mexanizmlərini kor-koranə tətbiq etməyimiz son dərəcə qeyri-effektiv olardı. 

Oynayan-insanlarin-psixotipleri

Karl Linneyin vaxtilə bütün canlıları, Dmitri Mendeleyev isə öz dövri cədvəlində kimyəvi elementləri təsnif etdiyi kimi, Britaniyalı professor və oyun tədqiqatçısı Riçard Bartl da oyunçuların bir neçə psixotipini müəyyən edibdir. Gəlin həmin psixotiplərlə yaxından tanış olaq: 

  • Killer – onun üçün vacibi  kiminləsə rəqabət etməkdir. O, digər oyunçular qarşısında öz üstünlüklərini nümayiş etdirmək məqsədini güdür. Üstəlik, seçdiyi metodlar, bəzən, heç də zərərsiz olmur: şərhlərdə trollamaq, reytinqi aşağı salmaq, neqativ bir rəy yazmaq və s. Lakin bu psixotipə aid şəxs nəsə yaratmaq fikrinə düşsə, nəticə hökmən başqalarınkından yaxşı olacaq. Həyatda killerin tipik nümunəsi: şlaqbaumda dayanan gözətçi – daxil olmağa kimə icazə veriləcəyini, kimə isə verilməyəcəyini yalnız və yalnız o müəyyən edir. Burada nüfuza malik şəxs məhz odur!
  • Karyerist – onu yalnız öz nailiyyətləri maraqlandırır. Nailiyyətlər, nişanlar, ballar, reytinq – bütün bunlar məhz bu psixotipə aiddir. Digər istifadəçilərlə deyil, sistemlə rəqabət aparır, ondan maksimum faydalanır.
    Həyatda karyeristin tipik nümunəsi: müstəqil surətdə sürücülük vəsiqəsi alan, avtomobili yol hərəkəti qaydalarına uyğun idarə edən, haqlı olduğunu daim DYP əməkdaşlarına sübut edən və sonra hər yerdə kiçik qələbələrindən qürurla danışan sürücü. 
  • Tədqiqatçı – adı özü haqda hər şeyi ifadə edir. Nailiyyətlərin böyüklüyü, qazanılan xallar, statuslar və səviyyələr onun üçün maraqlı deyil, o sadəcə axtarmaq, öyrənmək və təhlil etmək istəyir. Forumda məsləhət almaq əvəzinə, o məhsulların texniki xüsusiyyətlərini uzun müddət müqayisə edir və rəylərdə «eşələnir».
  • Həyatda tədqiqatçının tipik nümunəsi: özünə yeni bir mətbəx kombaynı almaq istərkən, rəfiqələrinin tövsiyələrinə qulaq asmayan, yüzlərlə rəy oxuyan və, demək olar ki, “YouTube”dakı bütün müvafiq video icmallara baxan evdar qadın. 
  • Sosiofil - ünsiyyət sevəndir. Tez-tez məhsul haqqında rəy yazır (onu almamış olsa belə). Bəyənir, paylaşır, müxtəlif qrup və icmalara qoşulur. 
    Həyatda sosiofilin tipik nümunəsi: həyətdəki skamyada oturan, təkcə bina deyil, bütün rayon sakinləri haqda hər şeyi bilən, istəməsəniz belə, həmişə sizə məsləhət verməyə cəhd edən yaşlı nənə. 

Psixotiplərin xüsusiyyətlərini öyrəndik. İndi isə, onların hər biri üçün vacib olan təfsilatı daha ətraflı nəzərdən keçirək. Onları motivasiya edən nədir? Onları sizin yanınıza təkrar-təkrar qayıtmağa vadar edən nədir? 

  • Killer – ona müsabiqələrdə iştirak etmək və məhsulların yeni versiyalarını əldə etmək imkanını təqdim edin. Onun üçün məhsulların deyil, istifadəçilərin reytinqini yaradın. Bu reytinqləri dərc edin, VIP-statuslar təyin edin və həmin şəxsləri məhsulun təkmilləşdirilməsi prosesinə fəal surətdə cəlb edin. 
  • Karyerist – o, ehtiyac duyur ki, alışların tezliyindən və məhsulla əlaqə tarixçəsindən asılı olaraq, onun üçün bal toplamaq və böyük endirim əldə etmək imkanı yaradılsın. Karyerist irəliləyiş göstəriciləri, profilin bütövlüyü, nişanlar və digər nailiyyətlərə başqalarından üstün görünməkdən ötrü can atmır. Karyerist üçün məhz nailiyyətlərin özü  vacibdir. Onu xidmətlərinizi fəal şəkildə tanıtmağa dəvət edin – bu psixotipə aid şəxs brendiniz üçün əla agent və reklamçıdır.
  • Tədqiqatçı – onun üçün faktlar, rəylər, eləcə də nüfuzlu ekspertlərin və müxtəlif media icmallar daha vacibdir. Ona hər şeyə toxunmaq və sınaqdan keçirmək imkanını təqdim edin. Məhsulunuzla təmas müddətini məhdudlaşdırmayın, şərait yaradın ki, filtrlər vasitəsilə geniş axtarış aparsın, məhsulunuzu daha yaxından öyrənsin və müstəqil surətdə seçim etsin. O, mütləq seçim edəcək, lakin buna tam hazır olduğu zaman. Mütləq markanızı qoruyun – məhsulların əla keyfiyyəti onun üçün çox vacibdir. 
  • Sosiofil – onun üçün icma yaradın, onu kontentin yaradılması və birgə tədbirlərin təşkilinə cəlb edin. Sosial mediada aktiv olun və istənilən təmas üçün açıq olun – sosiofil bunu hökmən qiymətləndirəcək. 
     

Bütün psixotiplərə aid şəxslərin cəlb edilməsi müəyyən xərc tələb etsə də, bunu etməyə dəyər, çünki onların hər biri sizin üçün unikal bir dəyər yarada bilər:

  • Killerlər peşəkar arenaların (məsələn, müştərilər və podratçılar görüşdüyü yerin) inkişafına təkan verməyə qadirdir. Onlar reytinqlərdə zirvəyə yüksəlmək və nüfuz qazanmaq sahəsində digərlərinə nümunə göstərir.
  • Karyeristlər istənilən oyun mexanikasını populyarlaşdırmaqda məharətlidir. Yeni müştərilər və tərəfdaşlar onlara həsəd aparıb, onların ardınca öz nailiyyətlərini yüksəltməyə doğru hərəkət edir.
  • Tədqiqatçılar ən faydalı və maraqlı kontent hazırlayır. Onlar qısa bir zamanda istənilən məhsul kateqoriyası üzrə mütəxəssisə çevrilir.
  • Sosiofillər təmənnasız surətdə layihə ətrafında “səs-küy” yaradır. Bunun müqabilində isə sizdən yalnız kiçik bir şey gözləyir: digərləri ilə ünsiyyət saxlamaq imkanı və azca diqqət.

Burada ən vacibi hamımızın fərqli olduğumuzu unutmamaqdır. Hər birimizdə, bu və ya digər dərəcədə, qeyd olunan psixotiplərdən xas olan xüsusiyyətlər var. Öz psixotipinizi öyrənmək üçün İngilis dilində təqdim edilən növbəti testdən faydalana bilərsiniz: https://matthewbarr.co.uk/bartle/

Məqaləni oxuduğunuz üçün sizə minnətdaram! Bütün işlərinizdə sizə uğurlar arzulayıram!

Necə deyərlər, oyunçu aparsın!