Menu

Lider yoxsa Müdir

“Rəhbərlik işləri düzgün görmək 
Liderlik isə düzgün işləri görmək deməkdir” 
– Peter Drucher –   


Korporativ dünya “müdir” və “lider” terminlərini bir çox hallarda sinonim kimi işlətsə də, ikisini bir-birindən fərqləndirən xeyli xüsusiyyət var. Ən ümdə fərqlərdən biri isə odur ki, müdir olan kəs təyin olunduğu üçün liderliyə (Assigned Leadership) sahib olur və yalnız tapşırıqları yerinə yetirmək səlahiyyətinə malik olur. Həqiqi liderlər öz tapşırıqlarını yerinə yetirmək üçün digərlərinə təsir göstərərək fövqəl liderlik (Emergent Leadership) nümayiş etdirmiş olur. Fərqi təyin etdikdə, birinin həqiqi liderliyə sahib olmasını və ya sadəcə müdir olmasını təyin etmək asanlıqla mümkün olur. Lider müdir ola bilər, lakin müdir mütləq lider olmur. 
Bir müdir (menecer) olaraq, bir işçi qrupuna, gündəlik vəzifələrə və proseslərə nəzarət edərək işin düzgün getməsini təmin edirsiniz. Gündəlik problemləri həll etmək, işçiləri məsuliyyətə cəlb etmək və işin tamamlandığından əmin olmaq üçün məsuliyyət daşıyırsınız. İnsanların işi tərk etməklərinə başlıca səbəb pis müdirlərinin olmasıdır. Problem isə odur ki, bir çox müdir səmərəsiz lider olur, bu isə öz növbəsində işçilərin korporativ mühitdə özlərini narahat və dəyərsiz hiss etməsinə, eyni zamanda tez-tez işçi komandasının dəyişməsinə səbəb olur. 
Lider də öz növbəsində idarəetmə səlahiyyətinə malikdir, lakin daha çox müsbət təsir göstərməyə meyillidir. “Lider” sözünün sinonimi “dirijor”dur, qrupun əsas icraçısı kimi müəyyən edilir. “Lider araba ssenarisində aparıcı at rolunda iştirak edir” desək, heç də yanlış ifadə işlətmiş olmarıq. smiley Lider öz işçiləri üçün təqib etməkdə təqdirəlayiq bir nümunə kimi çıxış edir. O, öz təqibçilərini işləmək və onun bilik səviyyəsinə çatmaqları üçün ruhlandırır, bu da öz növbəsində işçilərin bacarıqlarının və təcrübəsinin artmasına kömək olur. Beləliklə, liderin aydın təlimatı nəticəsində komanda daha da güclənir və bu hər üzvün bacarıqlarının inkişaf etməsinə vəsilə olur. 
Vizual olaraq sizlər üçün lider və müdir arasındakı əsas fərqi göstərmək məqsədi ilə aşağıdakı şəkli də məqaləyə əlavə edirəm:

“Müdir” və “lider” terminlərini anladıqdan sonra, onlar arasında olan əsas fərqləri müzakirə edək:


1.    Ruhlandırma
Müdir güc və nəzarət, əmr vermək deməkdir. Müdiri hətta insan vücudunda yer almış “Mən həmişə haqlıyam” ifadəsi kimi qələmə vermək olar. Lider isə komandanı öyrənməyə, böyüməyə və uğur qazanmağa ruhlandırır. Bir lider işçilərinin güclü tərəflərini tanıyır və onlardan düzgün qaydada istifadə edir, eyni zamanda zəif cəhətlərini gücləndirmək üçün can atır. İşçilərin özləri haqqında düşünməyə vaxt ayırmaları və problemləri müstəqil şəkildə həll etmələri üçün bir mühit təmin edir. Futbol dilində danışsaq, lider müdafiəçi deyil, hücumçu qismində yer alır. İşlər düzgün şəkildə irəliləmədikdə işçiləri günahlandırmaq əvəzinə komandasının daha produktiv olmasına və hər şeyin yolunda getməsinə kömək edir.


2.    Tədris
Lider həmişə komandanı inkişaf etdirmək üçün yol axtarır. Bir işçi maneə ilə üzləşərsə və həll üçün menecerin yanına gedərsə, bir lider işçiyə sadəcə problemi necə həll edəcəyini söyləmək əvəzinə problemi həll etməyə kömək edəcək və ona inandığını göstərəcək. Bu yanaşma işçiyə irəliləyə, dəyər qata və problemi özbaşına həll edə biləcəyinə inam verəcək. İşçilər adətən özlərini bacarıqsız hiss etdikləri üçün deyil, məsələyə hansı tərəfdən yanaşacaqlarına əmin olmadıqları üçün menecerə yaxınlaşırlar. Nəzərə almaq lazımdır ki, birbaşa istiqamətləndirmək də çıxış yolu deyil, işçinin bu məsələ ilə bağlı hansı fikirlərinin olduğunu soruşmaq lazımdır, bəzən (çox vaxt smiley) təşviqə ehtiyac duyurlar. 


3.    İnam
Müdir işçinin hər bir hərəkətini izləyir və idarə edir. Komanda daxilində işi səmərəli yerinə yetirməkləri üçün yetərincə güvən olmur və müdir hər bir səhvi araşdırıb, səhvlərə görə komandanı (işçini) tənqid edir. Əsl lider komandasına əmindir, onları öz ideyalarına və iş proseslərinə sahib olmaqları üçün həvəsləndirir və dəyərli rəylə təmin edir. Lider bir problemi həll etmək və ya qərar vermək üçün nə vaxt lazım olduğunu bilir, amma nə vaxt geri çəkilməli olduğunu da bilir. Əgər bir komandanın rəhbərisinizsə, işçilərinizə qarşı olan yanaşmanız haqqında düşünməyin tam vaxtıdır – İşçinizə hansısa bir işi həvalə edəndə gözünüz arxada qalırmı? Yoxsa onların işlərini həll edəcəyinə və bütün suallara cavab tapmasına inanırsınız?
Müdir və liderləri müqayisə etdikdə liderin öz nümunəsi ilə əsl hörməti qazandığının, müdirin isə rəhbərlik səlahiyyəti sayəsində hörmət qazandığının fərqinə varırıq. İşçilərin rifahı lider tərəfindən qorunur və dəstəklənir, halbuki müdirin yeganə narahatlığı məhsuldarlığın səviyyəsi və hədəfləri vurmaqdır. Liderin “biz” və “getdik!” ifadələri təqibçiləri ilə arasında fəxr, inam hisslərini və ailə ortamını yaradır. Müdirin isə “mən” və “siz gedin!” ifadələri işçilərində təcrid hissi və aşağılıq kompleksinə səbəb olur. 
Müdir və lider arasındakı son nəticələrə gəldikdə, lider daha çox müdirin güclü avtoritar xasiyyətinin maneə olduğu məhsuldarlığa və uğura imza atmış olur. Lider tərəfindən irəliyə doğru yönləndirilən işçilər tələblə yönləndirilən işçilərdən daha çox xoşbəxt, məhsuldar və yaradıcı olurlar. Biznesin inkişaf etməsi və çiçəklənməsi üçün komandanın birliyi, səyləri və müsbət enerjisi lazımdır. Bu ab-havanın mövcud olması üçün isə işçilərin lider mövqeyini tutan, nümunə ilə rəhbərlik edən və ümumi həfədə doğru bir araya gəlmələri üçün ilham verənə ehtiyacları var. 
Yaxşı bir müdir, bir lider olaraq, işçilərinizə öz vəzifələri və öhdəliklərini anlamaqları üçün doğru zamanı bilməlisiniz. Onlara inanın! Onları dəstəkləyin! Onları uğurlu olmağa təşviq edin! Lider olaraq, komandanızın uğur qazanması sizin məsuliyyətinizdir. Onlara inkişaf etməkdə və məqsədlərinə çatmaqda kömək etmirsinizsə, təəssüf hissi ilə bildirmək istəyirəm ki, işinizi düzgün görmürsünüz...