Menyu

Rəqəmsal və ya ənənəvi marketinqi?

Bugünkü məqalədə sizə rəqəmsal və ənənəvi marketinqin fərqləri haqqında bəhs edəcəyik. Kiçik bizneslərin əksəriyyəti marketinqin hansı növünü seçəcəklərinə qərar verməkdə çətinlik çəkirlər, çünki onların büdcəsi yalnız birini seçməyə imkan verir, hər ikisində olmaq mümkün olmur. Bu barədə sahibkarların bir sıra sualları olur: Marketinqin hansı üsulu daha çox gəlir gətirir? Gəlin cavablara birgə nəzər salaq.

Ənənəvi marketinq nədir?
Ənənəvi marketinq, bir çox reklam və marketinq formasını birləşdirən geniş bir sahədir. Bu, marketinqin ən tanınmış növüdür və hər gün gördüyümüz və eşitdiyimiz reklamları əhatə edir. Ənənəvi marketinq əsasən internet olmamışdan əvvəlki vaxtlarda istifadə edilirdi. Uzunömürlü olduğuna görə insanlar ənənəvi marketinqə öyrəşiblər. Qəzet və jurnallarda çap reklamları, küçələrdə gördüyünüz bilbordlar və s. istifadəsi ənənəvi marketinqin sadə bir nümunəsidir. Ənənəvi marketinqin bir sıra üstünlükləri var. Ənənəvi metodlardan istifadə edərək lokal hədəflərə çatmaq daha asandır. Radioda, televiziyada və ya qəzetdə bir reklam yerləşdirərək sizinlə maraqlanacaq insanlara çata bilərsiniz. Nəticədə verilən mesaj radio və ya televiziya dili ilə yayımlandığına görə daha anlaşıqlı olur. Eyni zamanda bu tip reklamlar rəqəmsal mühitdə yayımlanan reklamlardan daha yaddaqalan olur.

Ənənəvi marketinqin üstün cəhətləri ilə yanaşı mənfi, zəif cəhətləri də var. Ənənəvi marketinq yalnız bir qrup kütləyə çatır, ancaq müştərilər bunlarla məhdud deyil. Ən əhəmiyyətli zəif cəhətlərdən biri də nəticələrin asanlıqla ölçülə bilməməsi, hətta əksər hallarda ölçülməməsidir. Geniş sifarişçi kütləsi ənənəvi marketinqə üstünlük verdiyi üçün, reklam büdcəsi və reklamın yaradılması xərcləri yüksəkdir. Bir çox hallarda, ənənəvi marketinq rəqəmsal marketinqdən daha bahadır. Televiziya və ya radio vasitəsilə bir reklam hər evə daxil ola bilər. Bəs bu reklamlar nə qədər izlənir? Sonda, nəticəni yoxlamaq çətindir, hətta mümkün deyil. Çünki neçə nəfərin sizin reklamınızı görəcəyini təxmin edə bilməzsiniz.

Rəqəmsal marketinq nədir?
Texnologiyanın sürətlə inkişafı bir çox sahələrdə, eləcə də marketinqdə öz təsirini göstərir. İndi artıq marketinq də rəqəmsallaşır. İngilis dilində «Digital Marketing» kimi bilinən “Rəqəmsal marketinq” internet üzərindən aparılan marketinq prosesləridir. Ənənəvi marketinq metodlarına əlavə olaraq, rəqəmsal marketinq yeni texnologiya sayəsində daha təsirli nəticələr verir. Bu gün marketinqin ən çox istifadə olunan növlərindən biridir. Radio, qəzet və televiziyadan fərqli olaraq daha effektiv nəticələr verəcək marketinqin rəqəmsal formalarında təsirli variantlardan keçməklə müsbət nəticələr əldə edilir. Rəqəmsal marketinqi ənənəvi marketinqdən fərqləndirən bir çox xüsusiyyətləri var. Rəqəmsal marketinq sərfəlidir. İnternetdə ödənişli reklamlar ənənəvi marketinqlə müqayisədə daha az xərc aparır. Əsas fərqli cəhətlərdən biri də rəqəmsal marketinqin rəqəmsal kanallardan istifadə etməsi, müştəri yönümlü, yenilikçi və müasir olmasıdır. Rəqəmsal marketinq onlayn kanallardan istifadə edərkən, ənənəvi marketinq oflayn kanallardan istifadə edir. Hesab edin ki, bir reklam çap etdirmisiniz, küçədə asılıb, yaxud qəzetdə dərc olunub və siz oradakı mətni dəyişmək istəyirsiniz. Mümkündürmü? Çox çətinliklə və bəzən heç mümkün də deyil. Amma siz internetdə hansısa reklam yerləşdirmisiniz, xoşunuza gəlmədisə, effekt vermədisə, dəyişdirmək çox rahatdır. İnternet alətləri vasitəsi ilə həyata keçiriləcək marketinq üsulları ilə müştərilərə hər cür məlumat bu şəkildə daha sürətli və asanlıqla çatdırıla bilər və daha çox insanın məlumat almasına imkan yaradaraq daha çox nəticə əldə edilə bilər. Sosial şəbəkələrdə (Facebook, Twitter, Linkedin və s.), axtarış motorlarında (Google, Bing, Yandex və s.), saytlarda, videoların üzərində və s. hər gün yüzlərlə reklam izləyirik.

Nəticə olaraq, marketinqin hansı üsulu daha yaxşıdır?
Aydındır ki, indiki dövrdə rəqəmsal marketinqə daha böyük önəm verilir, ancaq günümüzdə hələ də ənənəvi marketinq materiallarından da istifadə olunur. Siz TV-də gördüyünüz reklamı belə yəqin ki, internetdə araşdırırsınız. Onların rəqəmsal marketinqləri qaydasındadırsa, sizi müştəriyə çevirə bilərlər.
Yekunlaşdırsaq, ənənəvi marketinq – çətin proqnozlaşdırılır, problem olduqda, effekt vermədikdə dəyişiklik qeyri-mümkündür, nəticələr tam ölçülə bilmir. Rəqəmsal marketinq isə daha çevikdir, nəticələr də demək olar ki, göz önündə olur.
Ümid edirik ki, bu məqalə sizə suallarınıza cavab tapmaqda faydalı olar.