Menyu

Proqramçı olmaq heç bir zaman gec deyil

Hər bir insanın həyatında, dayanmağa və qət etdiyi yolu nəzərdən keçirməyə məcbur edən məqamlar olur. Sizə belə anların biri haqqında danışmaq istərdim.
Günlərin birində avtobus dayanacağında almaları evə aparmağa kömək etməkləri üçün yaxınlarına zəng edən baba ilə rastlaşdım. Onun zənginə heç kim cavab vermədi. Onun bu halını görüb ona kömək etmək qərarına gəldim. Babanın evinə təxminən 10 dəqiqə piyada getməli idik və təbii olaraq söhbətə başladıq. Əlbəttə, o nə işlə məşğul olduğumu soruşdu və biləndə ki proqram təminatı tərtibatı ilə məşğul oluram işlə bağlı sualların sayı kəskin artdı. "Mühəndislik ilə maraqlanan yaşlı bir insan ... Nə gözəl!" - düşündüm. Ancaq məlum oldu ki, əsas ixtisası üzrə (iqtisadçı) iş tapa bilməyən və indi frontend developer olmaq qərarına gələn 31 yaşlı oğlu üçün maraqlanırdı. O anda anladım ki, əslində babaya deyil, onun oğluna kömək edəcəm. Evə çatandan sonra babanın oğlu ilə təxminən 40 dəqiqə söhbət etdikdən sonra, onunla əslində təcrübəmi bölüşdüyümü və motivasiya etdiyimi başa düşdüm. Bir neçə gündən sonra anladım ki, bu sahəyə başlamağın yolları barədə düşüncələrimi bölüşmək istəyirəm.

Proqram təminatı sahəsində çalışan mütəxəssislərdən bu peşəyə təkbaşına yiyələnməyin mümkün olub-olmadığını soruşsanız, əksəriyyəti sizə müsbət cavab verəcəkdir. Və əlavə edəcəklər ki, bizim üçün yalnız nəticə vacibdir, bu həqiqətdir. Ancaq sizin şübhələriniz ola bilər. Misal üçün:
"Mən bacaracammı?"
"Bu sahədə təhsilim olmadığı üçün işə düzələcəmmi?"
"Bu sahədə kifayət qədər məlumatım varmı?"
"İşimi dəyişmək qərarına gec vermədimmi?"

Özümüzə bu cür suallar vermək təbiidir. Bu sahəyə yeni başlayanlar elə bilirlər ki, filan proqramlaşdırma dili də öyrənsələr və o kursu da keçsələr, CV-ni artıq şirkətlərə göndərə biləcəklər. Əslində bu yanaşma effektiv deyil. Proqramlaşdırmada özünütəhsil daim inkişaf olunan bir prosesdir və sizi işə düzəlməkdən saxlamamalıdır.
Bizim sahədə insanlar üçün faydalı məhsullar yaratmaq qabiliyyəti vacibdir və bunu öyrənmək üçün heç vaxt gec deyil.

 

Ali təhsil tələb olunurmu?

proqramçı olmaq
Ali təhsilin üstünlükləri göz qabağındadır - əsas texniki konseptlər haqqında biliklərlə təmin edir: alqoritmlər, kompilyatorlar, əməliyyat sistemləri, yaddaşla işləmə. Ali təhsil işə qəbul zamanı bonus verir. Nüfuzlu bir universitetdən diplomunuz varsa, HR-lər sizə ilkin seçim zamanı üstünlük verəcək, lakin yalnız başlanğıcda! Əksər proqram təminatı ilə bağlı şirkətlər ali təhsili işə qəbul üçün əsas meyar kimi qəbul etmirlər. Real işləyən məhsullar, tamamlanmış layihələrlə iş təcrübəsi və geniş portfelə sahib olmaq daha vacibdir. Müsahibədə yazdığınız kodları,  bacarıqlarınızı göstərməli olacaqsınız və burada diplomlar sizə kömək etməyəcək.
Universitet təhsili olmayan əla proqramçıların bir çox nümunəsi var. Əksinə, kompyuter mühəndisi diplomu olan və digər sahələrdə işləyən insanlara da rast gələ bilərsiz.


Proqramlaşdırmaya hansı peşələrdən keçmək olar?
Proqramlaşdırmaya fərqli yaşlarda və fərqli sahələrdən gəlirlər. Bəziləri üçün IT-yə keçid daha asandır, digərləri üçün yeni texnologiyalara yiyələnmək üçün daha çox vaxt və səy tələb olunur. Hər kəs proqramlaşdırmanı mənimsəyə bilər, tək sual motivasiya və yeni şeylər öyrənmək istəyidir. Digər sahələrdə bacarıqlar hər zaman bir üstünlükdür, çünki tapşırıqlara daha geniş baxmağa və problemlərə fərqli həllər tapmağa imkan verir.
İşlərində məntiqdən istifadə etməyə, detallara diqqət yetirməyə və rəqəmlərlə işləməyə alışanlar üçün keçid daha asandır. Məsələn, mühasiblər və analitiklər. Müvəffəqiyyət məntiqi və strukturlaşdırılmış düşüncə qabiliyyətindən asılıdır. Bununla məşğul olmamısınızsa, bu problem deyil, vaxtla əldə olunan bacarıqdır.

 

İlk addımları necə atmaq olar?


Universitetdə 6 il oxuduqdan sonra təhsilimlə əlaqəli olmayan heç bir şəxsi layihəm yox idi. Demək olar ki, həmişə peşəkar mühitdə istifadə olunan texnologiyaları yaxşı bilirdim. Amma bir il orduda xidmət etməyim bunu da məndən aldı. IT sənayesi çox sürətlə inkişaf etdiyindən, il ərzində çox şey dəyişdi və son tendensiyaların heç birindən xəbərdar deyildim. Vakansiyalar üçün müraciət etməkdən qorxurdum, çünki 25 yaşımda heç bir real təcrübəm yox idi. Buna baxmayaraq, bazarımızdakı startaplarla maraqlandım və ilham aldım. Və bir gün sosial şəbəkələrdə iki oğlanın proqramçı axtardığı bir yazıya cavab verdim. Texniki müsahibənin olmaması qorxumu ortadan qaldırdı. Yaradılması lazım olan məhsulu müzakirə etdik və bütün texniki hissəni həyata keçirməyi öhdəmə götürdüm. Altı aydan bir az sonra komandamız dağıldı, amma layihə üzərində iş mənə lazımlı güvəni verdi və qazanılan təcrübə qorxmadan vakansiyalara müraciət etmək üçün kifayət etdi.

Proqramçı kimi çalışmaq istəyənlərə əsas məsləhətim; özünüz üçün bir layihə hazırlayın və heç olmasa bir şəkildə tamamlayın. Beləliklə, proqram təminatı yaradılmasının inkişafının bütün mərhələlərini qiymətləndirmək imkanınız olacaq və nə ilə məşğul olacağınızı biləcəksiniz. Özünüz üçün belə bir neçə real iş nümunəsi hazırlayın. Bu IT şirkətlərindəki ən maraqlı vəzifələr uğrunda mübarizədə sizə üstünlük verəcək.
Bazarda kitablardan və məqalələrdən proqramlaşdırma dilini öyrənən bir çox insan var. Onların real layihələrlə işləmək təcrübəsi yoxdur. Bir komandada necə işləməyi bilmirlər, özlərinin və başqalarının kodlarına dəstək ola bilmirlər, IT sahəsində yaranan problemlərdən xəbərsizdirlər. Onları kiçik proqramçı adlandırmaq çətindir, kiçik proqramçı artıq bir rəhbər altında komandada daxilində çalışıb.
Özünütəhsil bir proqramçı üçün sadəcə ilk addımdır. Sonra komanda ilə birlikdə insanların ehtiyac duyduğu real layihələr hazırlamalısınız. Kodunuzu açıq mənbələrə yerləşdirmək də vacibdir - işəgötürənlər üsluba və alqoritmlərə diqqət yetirirlər. Konfranslara qatılın və təcrübəli proqramçıların nitqlərini dinləyin. Müsahibələrə gedin: işə götürülməsəniz də, ən azı işəgötürənlərin tələblərini başa düşəcəksiniz və müsahibə mühiti ilə tanış olacaqsınız.

Xülasə
Kollecdən dərhal sonra hər kəs İT sektoruna gəlmir.  Bir çox proqramçılar bu sahəyə gəlmədən  əvvəl digər sahələrdə fəaliyyət göstəriblər. Qeyri IT sahələrdə öyrənilən bacarıqlar proqramlaşdırmada faydalı ola bilər və hətta peşəkar bir üstünlük qazandıra bilər. Unutmayın ki, bütün kursları bitirə bilməzsiniz və bütün kitabları oxuya bilməzsiniz.
Yeni texnologiyaları öyrənmək üsulu onları dərhal real bir layihəyə tətbiq etməkdir.