Menyu

İşdə komfort – gərəksiz lüksdur, yoxsa ehtiyac?

2020-ci il məlum səbəblərə görə həm tarixdə, həm də hamınızın yaddaşında sağlamlığın vacibliyini önə çıxaran bir il kimi qalacaq. O cümlədən, sahibkarlar, dövlət və özəl qurumların rəhbərləri - bir sözlə, bütün işəgötürənlər son bir il ərzində işçinin əmək qabiliyyətini itirməməsinin vacibliyini kəskin şəkildə hiss etdilər.
Əlbəttə, pandemiyanı nəzərə alsaq, ilk növbədə iş yerlərində sanitar-epidemioloji tədbirlərdən, sanitar-epidemioloji qaydalara riayət etməkdən, hətta xüsusi rejimdən danışmalı idim... Amma bu gün, bu məqalədə bunlardan söz açmayacağam. Çünki bunlardan il boyu hər yerdə kifayət qədər danışılıb. Bu gün mən,  hər hansı bir virusun həyatımıza müdaxiləsindən asılı olmayaraq, işimizi bütün zaman və şərtlərdə sağlam kollektivə həvalə etməyin üstünlüyünü vurğulayaraq, buna necə nail olmağın yollarını nəzərdən keçirmək istəyirəm.
Günümüzün ən az 1/3-ni işdə keçirdiyimizə görə, ofisin rahatlığı və normativlərin tələblərinə cavab verərək təşkil olunması səhhətimizə ciddi şəkildə təsir edir. Bu, elmi araşdırmaların nəticələri ilə çoxdan sübut olunub. Bu təsirin müsbət olmasını istəyiriksə, rahat və sağlam, başqa sözlə erqonomik iş yerinin əsas şərtlərini bilməliyik (bu məqalədə biz əsasən ofis şəraitini nəzərdə tuturuq):
 

•    Məkan (norma: 1 işçiyə ortalama 5 m2);
•    İqlim: temperatur rejimi (komfort: ortalama 22 C°), havalandırma (bağlı məkanda norma: CO2 – 600-800 ppm), rütubət (norma: 50-60%);
•    İşıqlandırma;
•    Lazımi (əmək funksiyanı yerinə yetirmək üçün ehtiyac olan), rahat və hərəkət etməyə mane olmayan (düzgün yerləşdirilən) mebel;
•    İş təhlükəsizliyi (yanğın və s.)

 humidifier-kibrit-office
Kibrit şirkətinin ofisi



 

Əlbəttə, şirkət tərəfindən təşkil oluna biləcək və işçilərin sağlamlığına müsbət təsir edəcək amillər tək bunlar deyil. Məsələn, iş yerində təşkil olunmuş günorta yeməyinin böyük əhəmiyyəti var. Həm rejimə uyğun, həm də sağlam yeməklərin hazırlanmasına, eləcə də istifadə olunan ərzağa ciddi nəzarət varsa, bu ilk növbədə mədə-bağırsaq xəstəliklərinin profilaktikasında mühüm rol oynayır

 


kitchen-kibrit-office
Simbrella və Kibrit şirkətlərinin mətbəxi


 

İşçinin birbaşa səhhəti ilə bağlı başqa tədbirlər də görülə bilər:

•    İşçilər Könüllü Tibbi sığorta ilə sığortalana bilər: özəl tibb müəssisələrdə işçilər üçün ödənişsiz tibbi xidmətlərlə təmin edir.
•    Asudə vaxtlarında cürbəcür hərəkətli fəaliyyətlər təşkil oluna bilər: hərəkətli oyunlar, futbol, voleybol, basketbol və s. kimi matçlar, yarışmalar və s.
•    İşçilərə bədən tərbiyəsinə aid olan idman növlərini (fitnes, aerobika, yoga, pilates və s.) təklif edən yerlərdə abunəçilik verilə bilər.
•    Hətta iş yerində fasilələrdə hərəkətsiz qalmamaq üçün şərait yaradıla bilər.

 

 

ping-pong-kibrit-officeKibrit şirkətinin əyləncə zalı


 

Bütün bunlar işçilərin ümumi fiziki vəziyyətini yaxşı səviyyədə saxlamağa, sağlamlıqlarını qorumağa və immuniteti qaldırmağa kömək edir. Nəticədə isə onların psixoloji vəziyyətlərinə, məmnuniyyətlərinə və səmərəliliyə ümumi mənada müsbət təsir göstərir.
Hamımızın bildiyi məşhur latın ifadəsini unutmayaq: «Mens sana in corpore sano» - “Sağlam bədəndə sağlam ruh”. Ruhu və özü sağlam olan işçilər stressə daha dözümlü, tez-tez dəyişən xarici faktorlara, fövqəladə hallara, yəni başımıza gələn pandemiyalara, karantinlərə və s. daha hazırlıqlı olur, onları daha sakit qarşılayır və ya bütün bunların öhdəsindən daha az zərərlə gəlirlər. İşdəki effektivliyə gəlincə isə, son on-iyirmi il hamının dilinə düşən və dəbdə olan termin - “motivasiya”nın da kökündə duran elə ruhdur. 
Yaxşı, şirkət tərəfindən yuxarıda qeyd etdiyim şərait yaradılırsa, əlavə tədbirlər görülürsə, işçilər bunu və bunun təsirini nə dərəcədə qiymətləndirirlər? Ümumiyyətlə, işçilər bu barədə nə düşünür, gəlin buna nəzər salaq.
 

employee-survay

HeadHunter” və “Zdorovıy ofis” şirkətlərinin mütəxəssislərinin birgə keçirdiyi sorğunun nəticələrinə görə, respondentlərin 90%-i iş yerinin rahatlığının görülən işin keyfiyyətinə və səmərəliliyinə birbaşa təsiri olduğunu qeyd ediblər. Əlavə olaraq, respondentlərin 47%-i komfortlu şəraitdə özlərini daha yaxşı hiss etdiklərini və iş tapşırıqlarını daha keyfiyyətli yerinə yetirdiklərini söyləyiblər. Respondentlərin 44%-nin sözlərinə görə isə, rahat iş yeri əhval-ruhiyyəni qaldırır və işə fokuslanıb, məsələləri daha peşəkar həll etməyə kömək edir. Ayrıca, respondentlərin 35% -i rahat, komfortlu şəraitin rəhbər heyətin işçilərinə göstərdikləri qayğının təzahürü olduğunu bildiriblər. Demək ki, bu gün danışdığımız “komfort”, ya da sağlam iş yeri faktoru, həm şirkətin işçilərinə qayğısını göstərir, həm də iş dünyasında işəgötürən kimi reytinqini xeyli qaldırır.
Beləliklə, sağlam və rahat iş yerləri, işdə komfort və əhval-ruhiyyəni qaldıran mühit indiki zamanda heç də lüks deyil, ehtiyacdır, dövrün tələbatıdır, biznesin sağlam durması üçün şərtdir.

Məqalənin müəllifi: M. Qasımzadə
__________________________________________________________________________
1 -  Организация рабочего места и мотивация сотрудников (İş yerlərinin təşkili və işçilərin motivasiyası). HeadHunter и «Здоровый офис» şirkətlər qrupunun araşdırması. –  www.hh.ru