Menyu

İş yerində yoqa

İşdə komfort” meqaləmizde deyildiyi kimi, sağlam bədəndə, sağlam ruh olar. İşdə produktiv olmaq üçün ilkin olaraq bədənimizin və ruhumuzun sağlamlığının qeydinə qalmalıyıq.
İş yeri şiddətli rəqabət mühiti, işləri deadline-lara uyğun çatdırmağın təzyiqi, çoxlu fərqli işləri eyni anda idarə etməyə çalışmaqla gedərək daha stresli hal alır. Üstəlik, müasir texnologiya nəzərə alınmaqla (remote working), insanlar evlərinə və ya səyahətlərinə iş apararaq gecə-gündüz işləyirlər. Bunun nəticəsində artan stress və yorğunluq halı həm işçiyə, həm də şirkətə birbaşa mənfi təsir edir.
Ofisdə işləmək adətən uzun müddət bir yerdə oturmaq deməkdir. Xüsusilə bir masada oturmaq bir neçə spesifik sağlamlıq probleminə səbəb olur:


• Yüngül narahatlıqdan xroniki ağrıya qədər olan bel ağrısı
• Əzələ zəifliyi
• Göz zəifləməsi
• Bilək ağrısı və ya Karpal tunel də daxil olmaqla sindromlar
• Ürək-damar xəstəlikləri, diabet və metabolik xəstəliklər riskinin artması

Lakin bu fiziki narahatlıqlarla yanaşı işçilərin ən çox şikayətləndiyi məqam stressdir. Hətta həkimlər onlara müraciət edən xəstələrin 90%-inin narahatlığını stresslə əlaqələndirilir.
Bristol Universiteti tərəfindən aparılan tədqiqatlara əsasən iş saatlarından əvvəl, sonra və ya iş vaxtı idman edən işçilər o gün qarşılaşdıqları çətinliklərin öhdəsindən daha yaxşı gəlirlər. Həmçinin onların əhval-ruhiyyəsi daha yüksək olur.
Yoqa çox qədim praktika olub müasir dövrün həyat tərzinə saysız faydaları var. Bunlardan biri də stressi azaltmaqda olan effektidir. O birbaşa sinir sisteminə təsir edərək bədəni və beyini sakitləşdirir. Təkcə praktika zamanı deyil, hər an stressi idarə etmək üçün nəfəs və hərəkət vasitələrini öyrədir. Beləliklə, təəccüb deyil ki, “ofisdə yoqa” (workplace yoga) kimi də bilinən iş yerlərindəki yoqa gün keçdikcə daha da populyarlaşır.
Yoqanın 8 mərhələsi var ki, bunlardan ən çox bilinəni və tətbiq olunanı fiziki duruşlar (asanalar) və meditasiyadır.

meditation-at-work


Yoqa və meditasiya: Ürək-damar sağlamlığını yaxşılaşdırır, qan təzyiqi və ürək dərəcəsini azaldır. Gündə bir dəfə on dəqiqə meditasiya etmək rahatlamağa, stress hormonlarını, təzyiqi azaltmağa və daha yaxşı qan axmasına kömək edir. Meditasiya dərin bir rahatlama və sakit bir zehin yaradır. O ağlı kəskin və aydın saxlamağa kömək edir və ümumi rifah hissini yaxşılaşdırır. Tədqiqatlar meditasiyanın beyinə və yaddaşın yaxşılaşdırılmasına müsbət təsirlərini göstərir. Eyni zamanda konsentrasiyanı, diqqəti və fokusu artırır. Çempion idmançılar meditasiyanın idmanlarında ən yüksək səviyyədə yarışmağa hazırlaşmaq üçün diqqətlərinin artırmalağına kömək etdiyini bildirirlər. Yoqa-nı iş yerinizə daxil etməyin artan enerji səviyyəsindən artan məhsuldarlığa aşağıdakı faydaları var:

1. Artan enerji
Gündəlik həyatımızda iş və ailə həyatını tarazlaşdırmağa çalışarkən çox vaxt oturaq həyat tərzinin qurbanı oluruq. Hər gün 6-9 saat işləmək qan dövranını azaldır və stress yaradır, bu da yorğunluğa və enerjinin azalmasına səbəb olur.
Hər hansı bir fiziki məşq, hətta orta dərəcədə dartınma da (stretching) qan dövranını artırdığı və enerji istehsalına kömək etdiyi bilinir. Yoqa, dinamika hərəkətləri sayəsində bədəndə qan axını artırır və yorğunluğun azalmasına kömək edir.


2. Stressin azaldılması
Stress, iş yerində məhsuldarlığı və işçilərin sağlamlığını təsir edən əsas amillərdən biridir. Stressin pis təsirləri səbəbindən şirkətlər böyük pul itkiləri ilə üzləşir. Yoqa - stress və onun mənfi təsirləri ilə mübarizə aparmağın ən yaxşı yollarından biridir.


3. Artan özgüvən
Fiziki cəhətdən fit və elastik olmaq insanda özünə inam yaradır. Yoqa məşqləri və pozaları, insanların əzələ gücünü və ürək-damar sağlamlığını yaxşılaşdırarkən daha elastik olmasını təmin edir. İnsan daha möhkəm və elastik olduqda, öz bədəninə güvənir. Bu güvən yavaş-yavaş həyatının bütün tərəflərinə keçir.


4. Yaxşılaşdırılmış duruş (posture)
Korporativ işçilər vaxtlarının çox hissəsini uzun müddət masa arxasında oturaraq kompüterə baxmaq üçün əyilmiş vəziyyətdə keçirirlər. Bu qeyri-təbii vəziyyət sağlamlıqlarına zərər verir və məhsuldarlığa daha da maneə törədə biləcək bel və boyun ağrılarına səbəb ola bilər. Əslində bel və boyun ağrıları insanların yoqaya başlamasının əsas səbəblərindən biridir. Yoqa hərəkətləri əsas əzələ qruplarını uzadır, sərtliyin və oynaq ağrısının qarşısını almaq üçün elastikliyin artırılmasına kömək edir.


5. Daha yaxşı immunitet
Fitness və ya yalnız bədəninizin müəyyən hissələrinə diqqət yetirən digər məşqlərdən fərqli olaraq, yoqa bədənin hər hissəsinə fayda gətirir. Mütəmadi olaraq yoqa etmək immunitet sisteminizi gücləndirir və toksinləri bədəninizdən çıxarmaq üçün limfa sisteminizi stimullaşdırır. Qan dövranına kömək edir və oksigenli qanı daxili orqanlara gətirərək onların optimal işləməsinə kömək edir. Beləliklə, ağrıları da aradan qaldırmağa kömək edir.
Buna görə də əməkdaşlarınızı düzənli olaraq yoqa etməyə təşviq edin, çünki bu halda xəstəliyə görə icazə alma ehtimalı azalacaq, daha sağlam və zehində olduqlarında daha məhsuldar olacaqlar.


6. Artan fokus
Ağır iş yükləri və sonsuz görüşlərlə dolu olan stresli bir korporativ həyat, əməkdaşlarınızın qərar qəbul etməsinə maneə olan zehni qarışıqlıq yarada bilər. Bu, onların qarşısında duran vəzifələrdə cəmləşmə qabiliyyətinə maneə ola bilər. Yoqa asanaları və xüsusilə meditasiya əməkdaşlarınızın daha ayıq, diqqətli olmasına kömək edərək bu zehni qarışıqlığı aradan qaldırır. O eyni zamanda beyində qan dövranını və beyin fəaliyyətini yaxşılaşdırır.


7. Yaxşılaşdırılmış tənəffüs
Yoqa və meditasiya insanların nəfəs almasından tamamilə xəbərdar olmasına imkan verir. Nəfəs almaq bədənimizin doğulandan bəri şüursuz və əlavə əziyyətsiz etdiyi funksiyası olsa da bunu şüurlu və kontrollu etmək tamamilə fərqli və maraqlı (kənarda tam əksi kimi görünsə də) təcrübədir. Yoqada dərindən nəfəs alma və nəfəs almağı öyrədən tənəffüs məşqləri var. Dərin nəfəs alma ağciyər tutumunu artırır və bədəndəki oksigen miqdarını artırır.


8. Artan yaradıcılıq
Yoqa, əməkdaşlar arasında diqqət və konsentrasiyanı artıraraq onları daha məhsuldar edir. Daha çox konsentrasiya və daha yaxşı fokusu da yaradıcılıq izləyir (əmələ gətirir).
Mütəmadi yoqa ilə məşğul olmaq yaradıcı ifadəni dəstəkləyir və genişləndirir. Ağıl, bədən və ruhu tarazlaşdıraraq daxili duyğuları saflaşdırır. Bu da, işçinin tapşırıqları yaradıcı və yenilikçi şəkildə yerinə yetirməsinə kömək edir.


9. Elastiklik
Yoqa sözünün mənası bütün, birləşmə deməkdir, yəni bizim fiziki olaraq bədənimizdə etdiyimiz istənilən dəyişiklik beynimizdə və ruhumuzda da eyni yöndə dəyişikliyə səbəb olur. Fiziki olaraq elastik olduqca xarakterimiz də elastikləşir.
Elastik olmağın qan təzyiqi və xroniki oynaq ağrısının azaldılması kimi bir çox faydası var. Yaralanmaların qarşısını alır və duruşun yaxşılaşmasına kömək edir.
Yoqa pozaları çox elastiklik tələb edir və uzun müddətli praktika ilə əməkdaşlarınızın elastikliyini artırır. Elastiklik artdıqca bunu həyatlarının digər sahələrində necə tətbiq edəcəyini öyrənirlər. Əvvəl çətin və dəyişməz hiss etdirən şeylər onlar üçün artıq sərt (dəyişməz) hiss etdirmir. Baş verən hadislərə daha rahatlıqla uyğunlaşır, çətin prosesləri daha sakit şəkildə idarə edə bilir və xırda şeylər üzərində işləməməyi öyrənirlər.

yoga-at-work


10. Daha yaxşı həzm
Yoqa, ürək yanması, həzm pozğunluğu və düzgün edildiyi zaman turşuluğun azalmasına kömək edə biləcək bir çox duruşa sahibdir. Bu duruşlar əməkdaşlarınızda maddələr mübadiləsini artırır və detoksifikasiyada kömək edir.


11. Daha az əsəbilik və aqressiya
Əsəbi və aqressiv olmayan əməkdaşlar, digərlərinə nəzərdə daha məhsuldar olurlar. Bu cür əməkdaşlar harmoniyada işləyirlər və baş verən neqativ hadisələri daha sakit və rasional şəkildə həll edirlər. Bu da yoqa seansına qoşulmanın iş yerinin məhsuldarlığı və işçilərin sağlamlığı üçün faydalı olmasının daha bir səbəbidir.


12. Düzənli yuxu
Sağlam, balanslı bir həyat tərzi yaşamaq, ertəsi gün işləyə bilmək üçün kifayət qədər istirahət etməlisiniz. Meditasiya və nəfəs alma üsulları da zehninizi təmizləməyə kömək edir, beləliklə rahatlaşaraq düşüncələrinizi ləngidə və rahat bir gecə yuxusundan zövq ala bilərsiniz.


13. Zehni aydınlıq
Yoqa və meditasiya beyninizi iti və aydın tutacaq. Praktikalar və nəfəs alma üsulları, zehninizi "qarışıqlıqdan" azad etməyə imkan verir. Stress, narahatlıq və mənfi düşüncədən qurtulduqdan sonra yavaş nəfəs alma və yoqa pozaları yaddaşınıza kömək edəcək və düşüncələrinizi daha mütəşəkkil (organized) tutacaq.
Xoşbəxtlikdən, Yoqa-ya başlamaq üçün sizə xüsusi avadanlıq (mat əldə etsəniz yaxşı olar amma şərt deyil) və ya yer lazım deyil, həmçinin istənilən yaşda və çəkidə, səhhətində problem olmayan insan istər evində, istər işdə, istər treyner-lə zalda məşğul ola bilər. Evdə məşğul olmaq istəyənlər üçün sayısız faydalı kanallar və kurslar var və əksəriyyəti ödənişsizdir. Bununla belə, zalda məşğul olmaq istəyənlər üçün yoqa dərsləri gedərək daha da populyarlaşır.


Onu da qeyd edək ki, siz əgər sadəcə elastikliyinizi artırmaq istəyirsinizsə, ona xas dərslərlə praktika edə bilərsiz. Burada yoqa edirsənsə, meditasiya da etməlisən və ya əllərinin üzərində gəzmirsənsə, sən yaxşı yoqa etmirsən deyə bir şey yoxdur.smiley  Bir əsas məqsəd var, sənə yaxşı hiss etdirəni etmək! Hansı tezliklə məşğul olmağınız da tamamilə, sizdən asılıdır. Həftədə 1 dəfə 10 dəqiqə də edə bilərsiniz, hər gün 1 saat da. Əlbəttə ki, daha intensiv etdikcə daha çox faydalarını görəcəksiniz.
Şirkətlərin əməkdaşlarını iş saatlarında yalnız 10 dəqiqə vaxt ayıraraq masalarında və ya təmiz havada bəzi sadə yoqa dartınma (stretching) və ya tənəffüs hərəkətləri ilə məşğul olmağa təşviq etmək sadaladığımız üstünlüklərdən faydalanmağa kömək edəcək.
Apple, Google, Forbes, Nike kimi aparıcı şirkətlər yoqa-nı korporativ sağlamlıq proqramlarına elavə ediblər və əməkdaşların məhsuldarlığı və motivasiyasını artırmaq kimi xüsusiyyətlərindən faydalanıblar. Buna görə də dünya şirkətləri bu və digər tipli proqramları əməkdaşları üçün genişləndirməyə davam edir.

Nəticədə, xoşbəxt və məhsuldar əməkdaş, ən yaxşı əməkdaşdır!

Masadan qalxmadan yoqa (proqramçılar üçün yoqa).


“Yoga is a light, which once lit will never dim. The better your practice, the brighter your flame.” — B.K.S. Iyengar