Menyu

Etibarlı şifrə necə yaradılmalıdır?

Şübhə etmirəm ki, hər birimiz öz məlumatlarımızı, kənar şəxslərin gözündən qorumaq istəyirik, lakin əksər insanlar elementar olaraq təhlükəsizlik qaydalarına laqeyd yanaşırlar. Bugünkü mövzuda məlumatların saxlandığı hesabların şifrəsindən danışacağıq.

Etibarlı şifrə nədir?

Etibarlı şifrə - elə bir şifrədir ki, onu sezməsinlər və seçmə yolu ilə tapmasınlar. Güman edirəm siz bilirsiniz ki, şifrənin yad əllərə düşməsinin əsas səbəbi - müxtəlif hərf, rəqəm və simvolların kombinasiya edərək seçilməsidir. Müasir kompüterlər üçün, yalnız hərflərdən və rəqəmlərdən ibarət qısa şifrələri bir neçə saniyə ərzində tapmaq çətin deyil.

Bu səbəbdən kombinasiyalardan istifadə etmək çox vacibdir — böyük və kiçik hərfləri, rəqəmləri və xüsusi simvolları növbələmək lazımdır. Şifrənin uzunluğu ən azı 12 simvoldan ibarət olmalıdır, lakin mən daha uzun şifrəni seçməyi məsləhət görürəm. Bundan əlavə, hər hesabın öz şifrəsi olması, sizin məlumatlarınızın qorunmasını dəfələrlə artırır.

Nəticə olaraq məsləhətim:

1) Ən azı 12 simvol. Şifrə nə qədər uzun - o qədər yaxşı prinsipi ilə.

2) Böyük və kiçik hərflər, rəqəmlər və simvol istifadə etməklə. Bu cür şifrələri tapmaq çətindir.

3) Ardıcıl gedən hərf və ya rəqəmlər istifadə etməyin. (abc, və ya 1234)

4) Sizin şəxsi məlumat əsasında olmamalıdır. (Soyad1995)

5) Şifrə hər bir hesabınız üçün unikal olmalıdır.

Diqqət etmisinizsə, şifrənizin etibarlılığı barədə bir çox sayt "narahat" olur. Hesabın yaradılması zamanı, şifrəniz sadə olarsa sayt onu qəbul etmir, və məsləhət kimi rəqəmlər, hərflər və müəyyən simvolların istifadəsinə məcbur edir.

Unutmayın ki, bir şifrəni bir neçə hesab üçün istifadə etmək olmaz. Bu sadə təhlükəsizlik tədbiridir.

Şifrəyə əlavə edilmiş hər bir hərf, rəqəm və ya simvol, kombinasiyaların sayını artırır və şifrəni seçmək yolu ilə ələ keçirməsini çətinləşdirir.

Tez-tez ələ keçən şifrələrə ardıcıl klavişlərin saxladığı hərf, rəqəm və simvollar aid edilir. Dələduzların bu tip şifrələri ələ keçirməsi o qədər də çətin deyil. Bu səbəbdən “asdfgh”, “123456” və ya “!@#$%” kombinasiyalarından istifadə etməyin. Belə bir nisbət yazıb sizin nəzərinizə çatdırım: əgər siz əziyyət çəkib çətin şifrə fikirləşməsəniz, o zaman dələduzlar şifrənizi əziyyət çəkmədən ələ keçirəcəklər.

 

Şifrədə heç bir şəxsi məlumatınızı əks etdirməyin!

Ləqəb, doğum tarixi və ya ad kimi şəxsi məlumatları, istifadə etməmək çox vacibdir. Belə məlumatları dələduzlar sosial şəbəkələrə baxaraq asanlıqla ələ keçirə bilər. Təhlükəsiz şifrə unikal olmalıdır. Etibarlı şifrə yaratdıqdan sonra, bütün hesablar üçün həmən şifrəni istifadə etmək cazibəsi yarana bilər. Yalnız bu addım, təhlükəsizliyi sıfıra endirə bilər.

 

Şifrədə xüsusi simvoları istifadə edin.

Şifrələrdə xüsusi simvolların istifadəsi həqiqətən onları daha etibarlı etmək üçün gözəl bir addımdır. Şifrələrinizə “! “ # % & * , / ^ : } | \ ~ $ ; ‘ : _ ? ( )” simvollarını əlavə edin.

Bir sıra etibarlı şifrələrin nümunəsi:

"A7j12$#eArТ1cL@FgB"

"$j8kr^DSpr!Af#FjtGbD#"

"SaA_bTO%@HDdYpİ4M"

 

Bu şifrələr universal deyil və özündə şəxsi məlumatı əks etdirən işarə yoxdur. Yadda qalan söz və ya rəqəm də yoxdur. Bu cür şifrələrin, dələduzların əlinə keçmə ehtimalı dəfələrlə azalır.

ETİBARLI ŞİFRƏLƏRİN YARADILMASI ÜÇÜN İDEALAR:

Hesablarınızın hər biri üçün unikal və etibarlı şifrə yaratmaq üçün bir çox yol var. Onların hər birini daha ətraflı təhlil edəcəyik:

Şifrə generator və menecerindən istifadə edin.

Əgər öz etibarlı şifrələrinizi icad etməyə vaxtınız yoxdursa, bir şifrə generatoru, və ya bir menecerdən istifadə etmək bunun sürətli və asan bir yoludur. Burada məndən Sizə bir neçə tövsiyə var:

KeePass

LastPass

1Password

Şifrəni kopyalayın və cihazınız, e-poçtunuz, sosial media hesabınız və ya xüsusi giriş tələb edən başqa bir hesablar üçün istifadə edin.

 

Şifrəni təhlükəsiz saxlamaq üçün şifrə menecerini seçin.

Şifrələri yaratdıqdan sonra, etibarlı şifrə menecerindən istifadə edin. Şifrə meneceri, sizin şifrələrinizi təhlükəsiz onlayn hesabınızda saxlayır və idarə edir. Beləliklə siz yalnız 1 şifrə yadda saxlamaq ilə, bütün şifrələrinizi qorumuş olursunuz. Mən bu şifrə menecerlərini tövsiyə edirəm:

KeePass

LastPass

1Password

 

İki faktorlu autentifikasiyadan istifadə edin.

İki faktorlu autentifikasiya (2FA) əlavə təhlükəsizlik səviyyəsidir. Kimsə sizin şifrənizi ələ keçirsə belə, sizin hesabınıza daxil ola bilməyəcək.

İki faktorlu identifikasiyası üçün tətbiqlərdən istifadə etmək daha təhlükəsizdir. Məsələn: Google Authenticator və ya Microsoft Authenticator.

Şifrələrinizi telefonunuzda, planşetinizdə və ya kompüterinizdə saxlamayın. Bu elementar məsləhət kimi görünsə də, çoxu buna əməl etmir. Etməyin bunu! Sənədlər, e-poçt və qeydlər itə bilər.

Şifrəni gizli saxlayın. Şifrələrinizi etimad etdiyiniz şəxsə dediyiniz halda belə, şifrəni mətn mesajı və ya e-poçt vasitəsilə göndərmək risklidir.