Menyu

Xidmətlər


Proqram Təminatının hazırlanması

Kibrit-in təqdim etdiyi xidmətlər arasında ən çox tələbat duyulanı məhz Proqram Təminatının hazırlanması xidmətidir. Hazır standart çözüm almaqdansa, unikal proqram təminatını sifariş etməyə üstünlük verən şirkətlərin sayı gündən-günə artır. Bu da ki, tamamilə izah edilə biləndir, çünki sifarişli proqram təminatı, pərakəndə satış üçün hazırlanmış proqram təminatı ilə müqayisədə bir sıra üstünlüklərə malikdir

  • Sifarişli proqram təminatı, sizin konkret tələblərinizə uyğun hazırlandığı üçün, müəssisənizin ehtiyaclarını tam surətdə ödəyən funksional və proseslər sxeminə malik olur. Siz nə istehsalçı tərəfindən nəzərdə tutulmuş funksional ilə kifayətlənməli olursunuz, nə də ki müəssisənizin proseslərini proqram təminatının məntiqinə uyğunlaşdırmalı olursunuz – əksinə, proqram təminatı sizə uyğunlaşır.
  • Sifarişli proqram təminatı yalnız tələbat duyduğunuz unikal funksiyalar dəstini özündə saxlayır. “Artıq” funksionalın olmamağı, hər şeydən əvvəl, istifadəçilərin proqram ilə işini asanlaşdırır, əlavə olaraq isə server və istifadəçi kompüterlərinin yüklənməsinin qarşısını alır.
  • Proqram təminatına qarşı tələbləriniz dəyişib? Yeni funksionala ehtiyac duyursunuz? Biznes-prosesi optimallaşdırmaq niyyətindəsiniz? Problem deyil – sifarişli proqram təminatı dəyişikliklərin edilməsini dəstəkləyir və müəssisənizin inkişafı ilə paralel surətdə təkamül edir.

Kibrit şirkəti müxtəlif təyinatlı və miqyaslı tətbiqi proqramların hazırlanması sahəsində geniş və uğurlu təcrübəyə malikdir. Məsələn, hazırladığımız proqramlar siyahısına Çağrı Mərkəzləri üçün CRM-çözüm, tədbirləri idarəetmə sistemi, ödəniş terminalları üçün proqram, ABİS (Avtomatlaşdırılmış Binanı İdarəetmə Sistemi) və hətta ölkə miqyaslı telekommunikasiya çözümü daxildir.

Lakin müştərilərimizin məmnunluğunu təmin edən başlıca faktor heç də təcrübəmiz deyil. Gələcək proqram təminatına dair tələbləri, və hətta, lazım gələrsə, biznes-proseslərin özlərini belə müəyyən etmək bacarığı – Kibrit-i rəqiblərindən müsbət fərqləndirən məhz budur.

Bundan əlavə, proqram təminatının hazırlanması metodikasını seçərkən biz individual yanaşma nümayiş etdiririk.

Əgər proqram funksionalına, hazırlanma müddətinə və digər resurslara dair tələbləri əvvəlcədən və aydın şəkildə müəyyən edilmiş iri miqyaslı layihədən söhbət gedirsə, biz kaskad (Cascad) proqramlaşdırma modelinə riayət edirik. Model çərçivəsində növbəti mərhələlər hərəsi yalnız bir dəfə və sərt təyin edilmiş ardıcıllıqla icra edilir: tələblərin əsaslı analizi (Texniki Tapşırığın tərtib edilməsi daxil olmaqla), layihələndirmə (arxitektur-layihə sənədlərinin tərtib edilməsi daxil olmaqla), kodlaşdırma, test işləri və tətbiqetmə. Proqramlaşdırmanın kaksad modelinə biz MCQS layihəsinin həyata keçirilməsi zamanı riayət etmişdik.

Əgər sifarişçi proqramın funksionalına dair bütün tələbləri əvvəlcədən müəyyən edə bilmir, lakin eyni zamanda, ən prioritet funksionala malik və tam işlək proqram versiysasının qısa bir müddət ərzində istifadəyə verilməsinə ehtiyac duyursa, biz çevik (Agile) proqramlaşdırma metoduna üstünlük veririk. Bu model çərçivəsində proqramın tam versiyası bir neçə iterasiya ərzində hazırlanır; hər bir iterasiya kaskad modelini təşkil edən bütün mərhələlərin (tələblərin analizi, layihələndirmə, kodlaşdırma, test işləri və tətbiqetmə) yerinə yetirilməsini nəzərdə tutur. Hər iterasiyanın sonunda sifarişçi yeni bir funksionalla təchiz edilmiş tam işlək proqram təminatı versiyasını əldə etmiş olur. İterasiyaların sayı sifarişçi tələblərinin həcmindən birbaşa asılı olur. Çevik proqramlaşdırma modelində işin sürətinə xüsusi diqqət yetirilir; odur ki, sifarişçi ilə daimi və bilavasitə ünsiyyətə üstünlük verilərək, texniki sənədlərin hazırlanmasından imtina edilir. Proqramlaşdırmanın çevik modelinə biz Formula 1 – Baku City Circuit layihəsinin həyata keçirilməsi zamanı riayət etmişdik.